Hərbi Dəniz Qüvvələrində kompleks yoxlamanın nəticələrinə dair xidməti müşavirə
Digər xəbərlər

Hərbi Dəniz Qüvvələrində kompleks yoxlamanın nəticələrinə dair xidməti müşavirə

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gəmi heyətləri "Həyəcan" siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi hazırlığı yoxlanılıb.

General-polkovnik Kərim Vəliyevə hərbi gəmilərin və gəmi heyətlərinin yerləşməsi, döyüş hazırlığı və xidmətin təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris Mərkəzində də olub, burada xidmətin təşkili və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Sonra Müdafiə Nazirliyinin müvafiq baş idarə, idarə və HDQ-nin komandanlığının iştirakı ilə kompleks yoxlamanın yekun nəticələrinə dair xidməti müşavirə keçirilib.

Görülmüş işlərin təhlilini aparan general-polkovnik Kərim Vəliyev döyüş gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib, bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə edildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində HDQ-nin şəxsi heyəti Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib.

Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Sonda general-polkovnik Kərim Vəliyev HDQ-nin döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını komandanlığa çatdırıb.

AZƏRTAC