Hərbi-siyasi gücün tarixi dərsi
SİYASƏT

Hərbi-siyasi gücün tarixi dərsi

Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz və itkisiz alınması dövlət başçısı, müzəffər sərkərdənin mahir diplomatiyasının uğurudur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması doğma yurda qayıtmaq arzusu ilə yaşayan məcburi köçkünlərdə hədsiz sevinc və dərin minnətdarlıq doğurub.

Qarabağın mürəkkəb coğrafi relyefə malik ərazilərinin - Ağdam, Kəlbəcər və Laçın  rayonlarının, dövlətimizin başçısının müdrik, qətiyyətli hərbi-siyasi və diplomatik addımları nəticəsində, Ermənistanın döyüşsüz təhvil verməsi böyük Qələbənin mühüm nailiyyətidir.

Dövlətimizin başçısının bəyan etdiyi kimi, “həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”.  Düşmən otuz ilə yaxın davam edən işğal dövründə bu yerləri, xüsusən, Laçını və Kəlbəcəri heç bir halda geri qaytarmayacağını açıq bəyan etməkdən çəkinmirdi. Nə BMT-nin qətnamələrinə məhəl qoyurdu, nə Azərbaycanın haqq işini müdafiə edənlərin tələblərinə... Lakin şanlı Silahlı Qüvvələrimizin qarşısında diz çökən, təslim olan Ermənistanın məhv edilmiş ordusunun qalıqlarını geri çəkməkdən - üç rayonumuzu döyüşsüz təhvil verməkdən başqa çarəsi qalmadı. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin ötən ilin 10 noyabrında imzaladıqları üçtərəfli Bəyanata əsasən, ordu bölmələrimiz bir güllə belə atmadan noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonlarına daxil oldular. Erməni faşizmi üzərində qələbənin memarı, müdrik siyasətçi, mahir diplomat, qətiyyətli sərkərdə cənab İlham Əliyev bu tarixi hadisələrin hər biri ilə bağlı xalqa müraciətlərində  əldə olunan nailiyyətin əhəmiyyətini geniş və ətraflı şərh etdi.

İki onilliyi başa çatan iyirmi birinci yüzillikdə də dünyanın müxtəlif yerlərində müharibələr, silahlı qarşıdurmalar olub və yenə vardır... Lakin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi hünər, şücaət və döyüş taktikası müasir hərb sənətinin  misilsiz bir nümunəsidir.

Məhz bu amil Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı, xarabalığa çevirdiyi və xarici havadarlarının köməyi ilə güclü müdafiə istehkamları qurduğu rayonlardan döyüşsüz çıxmasını şərtləndirdi.

İlk təhvil verilən Ağdam işğal edilmiş rayonların arasında əhalinin sayının çoxluğuna görə seçilir. İşğala qədər rayonun əhalisi 143 min nəfər idisə, hazırda 204 min nəfərdir. Ermənistan silahlı dəstələri rayon ərazisinin 73 faizini ələ keçirmişdi. Qalan hissədə sonralar böyük quruculuq işləri həyata keçirildi, sosial-texniki infrastruktur yaradıldı, həmçinin məcburi köçkünlər üçün 18 müasir tipli qəsəbə salındı və bu qəsəbələrə respublikanın müxtəlif yerlərində müvəqqəti sığınacaq tapan və ağır şəraitdə yaşayan 93 min ağdamlı məcburi köçkün yerləşdirildi. Hazırda rayon əhalisinin 45 faizi işğala məruz qalmayan ərazidə yaşayır.

İşğaldan azad edildikdən cəmi üç gün sonra - noyabrın 23-də cənab İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhərində oldu, burada Azərbaycanın üçrəngli bayrağını qaldırdı, Cümə məscidini ziyarət etdi, Məkkədən gətirdiyi “Qurani-Kərim”i məscidə bağışladı. Dövlətimizin başçısı Ağdamda çıxış edərkən bir daha xatırlatdı ki, döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilməsinə imkan verib. 44 günlük Vətən müharibəsi dövründə ağdamlılar doğma rayonun işğaldan nə vaxt azad ediləcəyini intizarla gözləyirdilər. Prezident İlham Əliyev çıxışında bu məsələ ilə bağlı səmimi bir açıqlama da verərək dedi: “Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik”.

Şanlı ordumuz Kəlbəcər istiqamətində irəliləyişdə idi, strateji əhəmiyyət daşıyan Murovdağdakı yüksəkliklər uğrunda şiddətli döyüşlər getmiş, rayonun bəzi ərazilərini düşməndən təmizləmək mümkün olmuşdu. Lakin coğrafi relyefi və ermənilərin uzun illər ərzində möhkəmləndirdiyi mövqeləri ciddi itkilər vermədən keçmək asan olmayacaqdı. Azərbaycanın ərazicə ən böyük rayonlarından olan Kəlbəcərin işğalı Ermənistana Qarabağdakı separatçılarla canlı əlaqə qurmaq, sonradan isə digər rayonlarımızı ələ keçirmək imkanı yaratdı. Xalqımız üçün bu ağır faciənin baiskarları həmin vaxt hakimiyyətə olan xəyanətkar antimilli qüvvələr idi. Əgər ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, biz nəinki qalan torpaqları, hətta müstəqil dövlətçiliyimizi itirəcəkdik.

Kəlbəcər təbii sərvətlərlə zəngin olmaqla yanaşı, həm də respublikamızın böyük ərazilərini qidalandıran Tərtərçay, Xaçınçay, Bazarçay kimi çayların mənbəyidir. Üstəlik, rayon ərazisinin 24 min hektarı meşəlikdir. Mənfur düşmən Kəlbəcərdə həm soydaşlarımıza qarşı amansız qətllər, soyqırımı, talan-qarət törədib, həm də ekoloji terror həyata keçirib. Üçtərəfli Bəyanatın şərtinə görə, Ermənistan öz silahlı dəstələrini noyabrın 15-də Kəlbəcərdən çıxarmalı idi, lakin Rusiyaya yalvar-yaxar edərək, onun vasitəsilə Azərbaycan rəhbərliyindən on gün əlavə vaxt aldı. Həmin müddətdə isə “vəhşi tayfa” Kəlbəcərdə yanğınlar törətdi, təbiəti kor qoymağa çalışdı. Qanunsuz məskunlaşdırma nəticəsində rayon ərazisində yerləşdirilən ermənilərdən birinin buradan Ermənistana köçərkən qucağında apardığı unitazla çəkilmiş videosu dünya mediasında yayıldı və acı sarkazmla qarşılandı.

Bu il avqustun 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində oldular. Ölkəmizin rəhbəri burada Dövlət bayrağını ucaltdıqdan sonrakı çıxışında “yenilməz ordu”, “cəsur əsgər”, “görkəmli sərkərdələr” və “azərbaycanlıların döyüşə bilməməsi” barədə ermənilərin uydurduğu miflərin 44 günlük Vətən müharibəsində tamamilə məhv edildiyinə xüsusi diqqət çəkdi. Məhz bu çıxışda cənab İlham Əliyev “zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək” deyərək, düşmənin xislətini heç vaxt unutmamağı tövsiyə etdi.

Laçın rayonunun da əsas hissəsi işğaldan döyüşsüz azad edildi və yalnız müəyyən olunmuş dəhliz Rusiyanın nəzarəti altında saxlanılmaqla qalan ərazisi Azərbaycana qaytarıldı. Prezident İlham Əliyev bu il fevralın 14-də Laçın rayonunun şanlı ordumuzun düşməndən təmizlədiyi cənub hissəsində, Güləbird kəndində Dövlət bayrağını qaldırdı.

Hələ ötən il dekabrın 1-də Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində dövlətimizin başçısı çox böyük ərazisi olan və zəngin yeraltı sərvətlərə malik bu rayonun gələcəkdə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacağını bildirmiş, laçınlıları bu torpaqlara qaytarmağı ən vacib vəzifə kimi səciyyələndirmişdi. Onu da qeyd edək ki, işğala qədər rayon əhalisinin sayı 50 mindən bir qədər çox idisə, hazırda 80 min nəfərə çatıb.

Möhtəşəm Zəfərimizdən ötən on ay ərzində işğaldan azad edilmiş digər ərazilər kimi, Ağdam, Kəlbəcər və Laçın rayonlarında da təhlükəsizlik tədbirləri həyata keçirilir, minatəmizləmə əməliyyatları aparılır. Artıq Ağdam şəhərinin minalardan və partlayıcılardan təmizlənməsinin başa çatdırıldığı barədə rəsmi məlumat verilib. Belə məlumatları doğma yurdunu görmək istəyən keçmiş məcburi köçkünlər intizarla gözləyirlər. Prezidentin Ağdam rayonundakı nümayədəsi də “Yolumuz Ağdamadır” aksiyasının başlandığını və rayon sakinlərinin öz yurd yerlərinə səfərlərinin təşkil edildiyini bildirib. Laçın və Kəlbəcər rayonlarının bir qrup sakini isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu günlərdə öz yurd yerlərinə baş çəkiblər.

“...Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”. Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində bəyan edib. Bu gün artıq işğaldan azad edilmiş digər rayonlar kimi, Ağdam, Laçın və Kəlbəcər rayonlarının da daxil olduğu iki iqtisadi rayon - Qarabağ və Şərqi Zəngəzur var və bu rayonların sosial-iqtisadi inkişaf planları hazırlanır, ilkin infrastruktur layihələri icra edilir, avtomobil yolları şəbəkəsi, su və enerji təchizatı sistemləri yaradılır. üç rayonun döyüşsüz və itkisiz alınması dövlətimizin insan və iqtisadi resurslarının qorunaraq ölkəmizin ümumi inkişafına sərf edilməsinə imkan yaradıb.  Bu günlərdə Kəlbəcərdə və Laçında olub, doğma yurda baş çəkən  keçmiş hərbçi Azər Rəsulov bu yerlərin Ali Baş Komandanın rəhbərliyi və ordumuzun gücü ilə, bir güllə atılmadan işğaldan azad olunduğunu vurğulayaraq deyib: “Müzəffər Ali Baş Komandanımız indiyə qədər nə vəd edibsə, hamısını yerinə yetirib: “Xalqımız 30 ildir bu torpaqlara həsrət qalmışdı. Dövlətimizin başçısı hər çıxışında torpaqlarımızın azad olunacağını, heç bir güzəştdən söhbət getməyəcəyini deyirdi və bunu da yerinə yetirdi. Biz bu günü uzun illər gözləmişik və geri qayıdacağımıza həmişə inanmışıq. Bu sevinc hissini yaşatdığı üçün dövlətimizin başçısına, güclü ordumuza minnətdarıq. Xalqımızın birliyi bizim qələbə qazanmağımıza kömək oldu. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. İnanıram ki, tezliklə Şərqi Zəngəzur və Qarabağ cənnət diyara çevriləcək”.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.