“Heydər Əliyev İli” çərçivəsində dəyirmi masa
Region

“Heydər Əliyev İli” çərçivəsində dəyirmi masa

Neftçala Rayon Məhkəməsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində "Müstəqil Azərbaycanın məhkəmə-hüquq və ədliyyə sistemlərinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa təşkil olunmuşdur.  Bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilir.

Neftçala Rayon Məhkəməsinin hakimləri və kollektivi, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyəti aparatının və yerli ədliyyə qurumlarının əməkdaşlarının ilə təşkil olunmuş tədbirdə ilk öncə Ulu Öndərin Neftçala şəhərinin mərkəzində yerləşən əzəmətli abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Sonra tədbir iştirakçıları Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən guşə, habelə kitab sərgisi ilə tanış olmuşlar.

Mərkəzin konfrans zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Dəyirmi masa ətrafında keçirlimiş müzakirələr zamanı Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hakim Samir Quliyev və xüsusi notarius Səadət Nəcəfova çıxış edərək, Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, ölkəmizin müstəqilliyi uğrunda siyasi iradəsinin təntənəsi, tükənməz irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs etmişlər.

“Respublika”.