HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN İNKİŞAF KONSEPSİYASI
Digər xəbərlər

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN İNKİŞAF KONSEPSİYASI

Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Dillərin qorunması məqsədilə hər il 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilini qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hüququ olduğunu bir daha xatırladır. Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas atributu, milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamış və totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük qətiyyətlə Azərbaycan dilini dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir.

Dövlətçiliyin inkişafında dövlət və ana dili onun apardığı dil quruculuğu siyasətinin əsasını təşkil etmişdir. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir. Tarixdə özünün yeri olan, xüsusi missiyalar yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçidir. Böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı ulu öndər xalqın varlığı olan Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı diplomatiya bənzərsizliyi ilə seçilir.

Azərbaycanı bütün dünyada təmsil edən Heydər Əliyevin mühüm fəaliyyəti nəticəsində Azərbaycan dili rəsmi tədbirlərdə rəsmi dil kimi inkişaf etdirilmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrdə yeritdiyi dil siyasəti ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədinə xidmət etmişdir. Mahirə Hüseynova yazır ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, ikinci, artıq müstəqil Azərbaycan Respublikasının prezidenti olaraq dilin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verirdi.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində qeyd etmişdir: "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır".

İlham Əliyev demişdir ki, Azərbaycan dili bizi bir xalq kimi, millət kimi əsrlər boyu qorudu. Bizi əsrlərlə qoruyan bu əvəzsiz irs Heydər Əliyev tərəfindən qorundu. Fenomenal yaddaşa, yüksək intellektə malik ulu öndər dilin inkişafında dahi şairlərin gördükləri işi qiymətləndirərək yazırdı: "Biz bu il dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edirik. Fəxr edirik ki, 500 il bundan öncə Məhəmməd Füzuli öz ana dilində əsərlərini yazmışdır. Eyni zamanda onu da unutmayaq ki, elə bu əsrin əvvəlində də, ortasında da ana dilimizdə yazanlarımız çox olmuşdur. Ancaq ana dilini, Azərbaycan dilini yüksəklərə qaldırmaq istəyənlər, zənginləşdirməyə çalışanlar fədakar adamlar olublar". Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitusiyanın "Dövlət dili" adlı 21-ci maddəsində birmənalı vurğulanır ki: "Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə, mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir; "Azərbaycan dili" adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir. Dilimizin türk dili, azəri-türk dili, Azərbaycan türkcəsi, Azərbaycan türk dili və b. kimi adlandırılmasını təklif edənlər və bu mülahizələrini xalqın etnosu, etnik mənşəyi, etnik mənsubiyyəti ilə əlaqələndirənlər var idi. Belə bir zamanda ulu öndər qeyd edirdi ki, tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düz deyil. Ulu öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi. Həmin gün keçirilən müzakirələri diqqətlə izləyən Azərbaycan vətəndaşları öndərin çıxışını düzgün qiymətləndirməyi bacardılar.

Bu baxımdan, müstəqil Azərbaycan dövlətinin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir. Onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi. Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verildi. 18 iyun 2001-ci il tarixində imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman da həmin siyasətin davamı idi.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlərdir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Sənəddə nəzərdə tutulan Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

Müstəqilliyin ilk ilində 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verildi. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verərək qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.

Heydər Əliyev ideyalarının əzmkar davamçısı, Prezident İlham Əliyev bu siyasətin tarixi rolu ilə bağlı demişdir ki, Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir. Bu sətirlərdə Heydər Əliyev siyasətinə, Heydər Əliyev ideologiyasına qüvvətli inam ifadə olunur.

Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Ulu öndər Heydər Əliyev həqiqətən də böyük tarixi olan işlər görmüşdür: Azərbaycan dili dövlət dili olaraq Azərbaycan Sovet Sosialist Respublikasının qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapmış, mərkəzin etirazlarına baxmayaraq, respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilmişdir. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni etmiş, Azərbaycanın böyük yazıçıları, şairləri əsərlərini demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanları Azərbaycan dilində çıxmışdır. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

30 sentyabr 2002-ci ildə isə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır.

Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür. Belə bir Qanunun ana istiqaməti budur ki, bu qanunvericilik aktı ilə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Şübhəsiz, dil haqqında qanunun özündə bu, həm də dərin siyasi-ideoloji, mənəvi-psixoloji çalarları ehtiva edir, xalqda tarixən formalaşmış dövlətçilik atributlarına dərin hörmət hissinin aşılanmasına, milli özünüdərkin gücləndirilməsinə, habelə birliyə və həmrəyliyə xidmət edir. Bu qanunun qəbulu ilə zaman-zaman xalqımızın taleyində baş vermiş tarixi ədalətsizlik aradan qaldırıldı, respublikamızda latın qrafikalı əlifbaya keçid reallaşdı, habelə Azərbaycanın dövlət dili haqqında qanunu dünya xalqlarının ümumi qanun sisteminə qoşuldu.

Bu qanunun hər bir maddəsi xalqın bu gününə və sabahına qayğı ilə xidmətini ifadə edir. Qanunun əsas maddələrində dövlətin ana dilinə qayğısı və dilin qorunması sahəsindəki vəzifələrindən geniş bəhs edilir və orfoqrafiya və orfoepiya normalarının, yazı dilini təsbit edən orfoqrafiya lüğətinin 5 ildə bir dəfə nəşr olunması və bu işin Dövlət Dil Komissiyası tərəfindən həyata keçirilməsi göstərilir. Qanunda normalar ilə bağlı xüsusi maddə vardır. Norma isə dilin əsas kateqoriyalarındandır. Müasir ədəbi dilin norması dil ənənəsi ilə bağlı olduğu üçün bu dildə yazan hər kəs norma çərçivəsini gözləməlidir. Qanunda yazılır ki, indi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları mövcuddur. Bu, dövlət qanununda Azərbaycan dilinə münasibəti əks etdirir.

Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalsa da öz varlığını qoruyub saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir".

Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. İlham Əliyev ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğu haqqında demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Bu fikirləri əsas götürən İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır və dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inam və uğurla inkişaf etdirir. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin sürətli inkişafı onun saflaşmasına, dünya dilləri sırasında özünəməxsus xüsusiyyətləri ilə seçilməsinə və mühüm yer tutmasına səbəb olmuşdur. Azərbaycan dili hazırda qloballaşma dövründə - elmin, texnikanın sürətlə inkişaf etdiyi indiki dövründə bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və analitik dünya dillərindən biridir.

 

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər Kabineti

yanında Terminologiya Komissiyasının sədr

müavini, professor.

 

Şəbnəm HƏSƏNLİ-QƏRİBOVA,

Nəsimi adına Dilçilik İnstitutunun

aparıcı elmi işçisi, dosent.