İçməli su infrastrukturu yenidən qurulur
Sosial həyat

İçməli su infrastrukturu yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gəncə şəhərinin içməli və tullantı su infrastrukturunun yenidən qurulması layihəsinin icrası davam etdirilir. Hazırda şəhərdə paylayıcı şəbəkələrin tikintisi və sayğaclaşma işləri həyata keçirilir.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, Gəncə şəhərində yeni su təchizatı infrastrukturunun yaradılmasına Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində başlanıb. Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 kilometr uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 kilometr magistral su xətləri inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 kilometr Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib.

Layihəyə əsasən Gəncə şəhərində 855 kilometr içməli, 813 kilometr tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. Şəhərin böyüklüyü nəzərə alınaraq içməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə aparılır. 2022-ci ilin Dövlət Proqramına uyğun olaraq hazırda Gəncə şəhərində müxtəlif diametrli borularla 8,3 kilometr içməli və 8,4 kilometr tullantı su xətlərinin inşası və 600-dən çox abonentin yeni yaradılan şəbəkələrə qoşulması işləri davam etdirilir. Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Kamil İSMAYIL,

"Respublika".