Nobel mükafatı almış yeganə bakılı fizik Lev Landau
Sosial həyat

Nobel mükafatı almış yeganə bakılı fizik Lev Landau

Böyük fizika alimi, dünyaşöhrətli Lev Landau 1908-ci il yanvar ayının 22-də Bakı şəhərində yəhudi ailəsində dünyaya gəlib. Erkən yaşlarından riyaziyyat elminə böyük maraq göstərmişdir. 13 yaşında gimnaziyanı bitirmiş, yaşı az olduğu üçün universitetə qəbul oluna bilməmiş, Bakı İqtisadiyyat Texnikumunda təhsilini davam etdirmişdir. 1922-ci ildə 14 yaşında nəhayət, tələbə adı qazanmışdır. Landau eyni vaxtda Bakı Dövlət Universitetində iki fakültədə - fizika-riyaziyyat və kimya ixtisasları üzrə təhsil almışdır.

1924-cü ildə Leninqrad Universitetinin Fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir. Daha sonra isə Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirmişdir. 21 yaşında isə artıq Landau doktorluq dərəcəsini almışdır. 1929-cu ildə o, ilk dəfə Avropaya getmək imkanı əldə edir. Götingen və Leypsiqdə qısa müddət qaldıqdan sonra, Kopenhagenə yollanır. Burada Nils Borun Nəzəri Fizika İnistitutunda çalışmağa başlayır. Landau həmişə özünü Borun tələbəsi hesab edirdi.

Landau Kopenhagendən sonra, Kembric və Sürixə yollanmış və yenidən SSRİ-yə qayıtmışdır. 1932-1937-ci illər aralığında Landau Xarkov Mexanika və Maşınqayırma İnstitutunun nəzəri fizika kafedrasına rəhbərlik etmişdir. 1936-1937-ci illərdə Lev Landau "Fazaların ikinci növ dəyişmələri" nəzəriyyəsini və "Yüksəkkeçiricilərin aralıq vəziyyəti" nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınırdı və 1937-ci ilin fevral ayında o, Moskva Fizika Problemlər İnistitutuna dəvət olunur və həmin inistitututda nəzəriyyə şöbəsinə rəhbərlik edir.

Elmi nailiyyətlərlə yanaşı, Landau həm də mərkəzi Xarkov şəhəri olmaqla keçmiş sovetlər birliyində nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoymuşdur. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşits, Lev Qorkov, İsak Xalatnikov və Boris Yoffer kimi fiziklər bəxş etmişdir. Xarkovda işlədiyi dövrdə dostu və keçmiş tələbəsi Y.M.Lifçitslə birgə ön cildlik məşhur Nəzəri Fizika Kursu kitabını yazmışdır. Landau bir alim kimi tələbələrinə qarşı da olduqca diqqət və qayğı ilə yanaşmış, nəzəri minimum adlı genişəhatəli imtahan proqramı işləmiş və tələbələri yalnız bu imtahandan keçdikdən sonra onları Landau məktəbinə qəbul etmişdir. İmtahan nəzəri fizikanın bütün aspektlərini əhatə etmişdir. Yalnız 43 nəfər tələbə bu imtahandan keçə bilmiş və bu tələbələr nəticədə hərtərəfli fiziklər kimi dünyada tanınmışlar.

1937-ci ildə bütün ölkəni bürümüş repressiyalar dahi alimdən də yan ötməmişdir. Xarkovdan Moskvaya gələn alim 1938-ci ilin 17 aprel tarixində təhlükəsizlik xidməti tərəfindən saxlanılmış və 1939-cu il aprel ayının 19-na qədər həbsdə olmuşdur. Landaunun həbs edildiyini eşidən Nils Bor dəhşətə gələrək, bu böyük alimin fizika elmi, dünya elmi üçün nə qədər əhəmiyyətli olduğunu əks etdirən məktubla İ.Stalinə müraciət edərək, alimin həbsdən azad edilməsini xahiş etmişdir. Onun və həmkarı Pyort Kapitsanın Stalinə yazdıqları məktubların sayəsində Lev Landau 1939-cu ilin 29 aprelində azadlığa buraxılmışdır.

1962-ci ilin yanvar ayının 7-də Landau ağır avtomobil qəzasına düşür. O, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılır. Həmin qəzadan ciddi xəsarət alan alim üç ay komada qalır. 1962-ci ilin sentyabr ayında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülür. Elə həmin il Landau ona Nobel mükafatı verilməsi haqqında teleqram alır. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınaraq Nobel mükafatını İsveçin Moskvada olan səfiri alimə xəstəxanada təqdim edir. Aldığı xəsarətdən tamamilə sağalmayan və fəaliyyətini davam etdirə bilməyən Lev Landau 1968-ci il aprel ayının 1-də Moskva şəhərində əbədi olaraq dünyaya gözlərini yumur.

Ramidə YAQUBQIZI,

"Respublika".