İgidlik unudulmur
Region

İgidlik unudulmur

O, 1968-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra şəhər rabitə qovşağında əmək fəaliyyətinə başlamışdı. Əsgəri xidmətini Orenburq şəhərində keçirmişdi. Ordudan tərxis olunduqdan sonra Əli Bayramlı neft və qazçıxarma idarəsində əmək fəaliyyətini davam etdirirdi. Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollandı.

Hərbi xidmətdə olarkən əldə etdiyi təcrübə, bilik, bacarıq faşist xislətli ermənilərlə döyüşdə Məhəbbət Mürsəlova kömək oldu. Komandirlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Məhəbbət qısa müddət ərzində hərbi hissədə hamının rəğbətini qazandı. Füzuli və Tərtər uğrunda gedən döyüşlərdə şücaət göstərib komandanlığın fəxri fərmanına layiq görüldü. 1994-cü ilin aprel ayında düşmən üzərinə hücum zamanı ağır yaralandı. İki ay hərbi hospitalda müalicə olunsa da, həkimlər Məhəbbəti həyata qaytara bilmədilər. 1994-cü ilin aprel ayında Məhəbbət Mürsəlov şəhidlik zirvəsinə yüksəldi, Əli Bayramlı Şəhidlər Xiyabanında dəfn olundu.

Bu günlərdə Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP Şəhər Təşkilatının təşəbbüsü ilə şəhid Məhəbbət Mürsəlovun ailəsi ziyarət olundu. Şəhidin həyat yolu xatırlandı, ruhuna dualar oxundu. Ailə üzvləri müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın Vətən uğrunda döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə ucalanların xatirəsinə diqqət və ehtiramlarını  yüksək qiymətləndirdilər. Bu istiqamətdə Şirvan şəhərində də hamının ürəyindən xəbər verən tədbirlər həyata keçirilir. Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur, onların arzu və istəkləri öyrənilir, qarşıya çıxan problemlər aradan qaldırılır.

Şəhidin həyat yoldaşı Rəşxəndə Ağabəyova Məhəbbət barədə xatirələrini dilə gətirdi. Həyat yoldaşı döyüşlərdə olarkən gənc ailənin keçirdiyi narahatlıq hisslərini yada saldı, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, şanlı Ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımızın işğaldan azad olunduğu xəbərinin bütün ailələrdə olduğu kimi, mürsəlovlar ailəsində də böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi razılıq və qürur hissi ilə qeyd etdi.

Görüşdə Şəmistan Əlizamanlının ifasında “Əsgər-Vətən əmanəti, yurd əmanəti” mahnısının sədaları səsləndi. 

                                              Tofiq HÜSEYN,

                                             “Respublika”.