Şəhər günü
Region

Şəhər günü

Daşkəsən

Füsunkar gözəlliyə, ecazkar təbiətə malik, zəngin təbii sərvətləri, Murovdağ, Şahdağ, Qoşqar dağları ilə əhatə olunan qədim oğuz yurdu Daşkəsən rayonunda son illərdə görülən işlər dinamik inkişafdan, yüksəlişdən xəbər verir. Mövcud sənaye müəssisələrində istehsal gücünün artırılması, yeni müəssisələrin işə salınması rayonda iqtisadiyyatın yüksəlməsinə güclü təkan verir. Rayonda genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri aparılır.

Təhsil, səhiyyə, mədəniyyət ocaqları, inzibati binalar zövqlə yenilənir, küçə və səkilər yenidən qurulur, sakinlər üçün rahat yollar salınır. Gözoxşayan park və xiyabanlar, qədim ornament və memarlıq elementləri ilə işlənmiş sosial və ticarət obyektləri bir-birini tamamlayır və şəhərə xüsusi gözəllik verir.

Şəhərin tarixi çox da qədim deyil. İkinci Dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da əsası qoyulan Daşkəsən şəhəri Azərbaycanda ən gənc şəhərlərdən biridir. Şəhərin salınması əsasən dəmir filiz mədəninin istismara başlaması ilə bağlı olub. Vaxtilə Azərbaycanın Uralı adlandırılan Daşkəsən şəhəri hər zaman gənc kadrlar üçün yeni perspektivlər və inkişaf vəd edən şəhər olub. Dəmir, alunit və mərmər yataqlarının istismara başlaması ilə qısa müddətdə iri sənaye mərkəzinə çevrilib. Həmin dövrdə Mingəçevir, Sumqayıt, Əli-Bayramlı (indiki Şirvan şəhəri) kimi şəhərlərin tikintisinə başlanılmışdı. 30 avqust 1930-cu ildə yaradılmış Dəstəfur rayonu 1956-cı ildən Daşkəsən rayonu adlandırılıb. Sovetlər dövründə Daşkəsən şəhərinə el arasında "85" də deyilib. Bu da ərazidə 85 nömrəli alman əsir düşərgəsinin nömrəsi ilə bağlı olmuşdur. Bu səbəbdən şəhərdə indi də bəzi binaların, rayon ərazisində olan körpülərin memarlıq baxımından görünüşünün alman üslubunda olması müşahidə edilir.

Respublikanın müxtəlif bölgələrindən, eyni zamanda ovaxtkı müttəfiq respublikaların ərazisindən mütəxəssislər buraya işləməyə gəliblər. Bununla da bir çox insanın taleyinə daşkəsənli olmaq yazılıb.

Ənənəvi olaraq bayram ərəfəsində Daşkəsən şəhərinin 76 illiyi münasibətilə "Şəhər günü" keçirilib. Uzun illər rayon ərazisində yaşayan, əmək fəaliyyəti, bütün həyatı bu şəhərlə bağlı olan əmək veteranlarının və qurucularının bir qismi ilə dəyirmi masa arxasında görüş keçirilib. İştirakçılar ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çay süfrəsi arxasında davam edən görüşdə 88 yaşlı SSRİ Ali Sovetinin deputatı İlyas Alıyev, 83 yaşlı Qırmızı Əmək Bayrağı ordenli, maarif əlaçısı Akif Həsənov, 76 yaşlı Əməkdar müəllim Duman Mahmudova, rayon Ağsaqqallar Şurasının sədri, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunmuş 74 yaşlı Cavanşir Qocayev, 72 yaşlı Əməkdar müəllim Hamaya Ağayeva öz xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".