Bölgə xəbərləri: Xocavənd
Region

Bölgə xəbərləri: Xocavənd

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun təşkilatçılığı ilə 7 regionda keçirilən "Sağlam yeniyetməlik" layihəsi çərçivəsində Xocavənd rayonunun Tuğ kənd tam orta məktəbində olub.

İlk öncə məktəblə tanış olan səfirə qədim Tuğ kəndi və 140 illik tarixi olan Tuğ kənd tam orta məktəbi haqqında geniş məlumat verilib. Sonra Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva 30 illik tarixə malik olan Böyük Britaniya-Azərbaycan arasında diplomatik əlaqələrin tarixi və strateji əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul edilməsinə cəhd göstərərkən, məhz Böyük Britaniya dövləti buna yol verməyib, ədalətin bərqərar olmasına kömək göstərib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld mehriban və isti münasibətə görə minnətdarlığını bildirib, qədim tarixə malik Tuğ kənd tam orta məktəbində olmağından məmnunluğunu ifadə edib. Beş ay müddətində Azərbaycanın bir çox rayonlarında olduğunu bildirən səfir insanların qonaqpərvərliyinin onu daha çox cəlb etdiyini, Azərbaycan mətbəxini, mədəniyyətini sevdiyini dilə gətirib. Tədbirin mahiyyətinə diqqətçəkən səfir öz fəaliyyətində təhsil və gender məsələlərinin prioritet istiqamət olduğunu və gələcəkdə həyata keçirilən layihələri dəstəkləyəcəyini bildirib. Tədbir şagirdlərlə maraqlı diskussiya şəklində davam edib və sonda xatirə şəkilləri çəkilib.

 

Ağcabədi

Şəhərdəki Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, rayon icra hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Azərbaycan gənclərinin vətənpərvər, öz yurdunu ürəkdən sevən, əsl vətəndaş kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Sonra videoçarx nümayiş etdirilib və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kurs üzvlərinin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Salman ALIOĞLU,

"Respublika".