İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq
Siyasət

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq

Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin tarixinə nəzər salsaq, görərik ki, son nöqtəni əsasən haqlı tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda otuz ilə yaxın apardığı mübarizə və şanlı qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 19 ildə Azərbaycan sürətlə inkişaf edərək, tarixi ədaləti bərpa etmək üçün həm iqtisadi, həm də hərbi gücünü artırdı, eyni zamanda, silahlı qüvvələrin modernləşdirilməsi, ən müasir hərbi silahlarla təchiz edilməsi, vətənpərvərlik ruhunun artırılması nəticəsində düşmənin başını “dəmir yumruq”la əzdi. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.

Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixdə imzaladığı iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlərin yerinə yetirilməsi üçün hüquqi baza oldu. İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində bölgədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Gələcək illərdə qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən yararlanacağıq. Halbuki, otuz illik işğal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun yeraltı və yerüstü sərvətlərinə qənim kəsilib, qızıl yataqlarını istismar edərək satıb, talayaraq dağıdıblar.

1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün artıq dörd ölkəyə elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurun enerji potensialı ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da bu məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi nəzərdə tutulub. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından yaxın zamanlarda 140 meqavat elektrik enerjisi əldə ediləcək. Mütəxəssislərin fikirincə, Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın külək və enerji gücləri potensialı var. Qələbədən sonrakı iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik təsərrüfatı yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsinə başlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bildirib ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməklə yanaşı, ixrac potensialımızı da gücləndirəcək.

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonası olacaq: "Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək. İlk belə nümunə Zəngilan rayonunun Ağalı kəndində yaradılıb, əhali günəş enerjisindən istifadə edir, "ağıllı kənd" yeni dövrün başlanığıcı hesab olunur".

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə "yaşıl enerji" zonasının yaradılması üzrə müfəssəl Konsepsiya hazırlanıb, Baş Plan isə tərtib olunur. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda, bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin, su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Həmçinin, ilkin təhlillərə əsasən Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulub. Artıq Zəngilan və Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq günəş elektrik stansiyası layihəsinin reallaşdırılması üzrə BP şirkəti ilə əldə edilmiş razılaşma digər xarici şirkətlər üçün də mühüm mesaj olmalıdır. Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi istiqamətləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir. İllik təxminən 500 milyon kilovatsaat elektrik enerjisi istehsalını proqnozlaşdıran bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür.

Bundan başqa, "yaşıl enerji" zonasının yaradılmasına töhfə verəcək digər bir layihə Laçın, yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi olacaqdır.

Həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı, yeni xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları qurulur. Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası yenidən bərpa olunur. Artıq onlardan 7-si istifadəyə verilib. Qeyd edək ki, enerji bölgənin gələcək inkişafının əsas açarıdır, məhz buna görə də, birinci yerdə enerji təsərrüfatının qurulması dayanır. Müharibədən cəmi iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi - minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması Azərbaycan dövlətinin gücünü, niyyətini, iradəsini göstərir. Özü də beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən yardım istəmədən Azərbaycan bütün bu quruculuq işlərini və nəhəng layihələrin icrasını təkbaşına həyata keçirir. Qarabağın və Şərqi Zəngəzurun böyük enerji potensialı imkan verəcək ki, Azərbaycan dünyanın ən etibarlı enerji istehsalçısı kimi öz mövqeyini daha da möhkəmləndirsin.

İşğaldan azad edilən torpaqlar yenidən canlanır, erməni vəhşiliyinin izləri aradan qaldırılır, yeni şəhərlər və kəndlər tikilir, özü də hər bir iş zərgər dəqiqliyi ilə, yüksək keyfiyyətlə və müasir texnologiyalarla həyata keçirilir. Dövlət başçısının qətiyyətlə və çox möhkəm inamla dediyi "Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq" sözləri gələcək uğurlardan xəbər verir.

Salman ALIOĞLU,

"Respublika".