Kanadalı jurnalist: Ermənilərin insanlığa qarşı törətdikləri ağır cinayətlərin arxasında duran məntiqi başa düşmək çətindir
Digər xəbərlər

Kanadalı jurnalist: Ermənilərin insanlığa qarşı törətdikləri ağır cinayətlərin arxasında duran məntiqi başa düşmək çətindir

Kanadadakı yəhudi icmasına məxsus "Canadian Jewish News" portalında jurnalist Raçel Avrahamın Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri ilə bağlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, ivrit dilində dərc edilən məqalədə sovet dövründə 100 minə yaxın əhalisi olan Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal olunaraq talan edildiyi və dağıdıldığı bildirilib.

Müəllif səfəri barədə məlumat verərək bildirib: "İsrailin sabiq rabitə naziri Ayub Kara və Bakının nüfuzlu ADA Universitetində təşkil olunmuş müzakirələrdə iştirak edən digər 22 xarici ekspertlə birgə Qarabağ bölgəsindəki Ağdam şəhərinə səfər etdim. Səfər zamanı biz XVIII-XIX əsrlərdə Qarabağ xanlarının ailə üzvlərinin məzarlarının olduğu İmarət qəbiristanlığını ziyarət etdik. Ermənilər işğal dövründə tarixi abidələrdən, türbələrdən donuz tövləsi kimi istifadə ediblər. Həmin türbələr məhv edilib. Qarabağ xanlarının məzarlarının gözəl türk memarlığı üslubunda tikilmiş türbələrinin yerində indi yalnız dağıntılar qalıb. Bu obyektlərin Ümumdünya İrs Siyahısına salınmış abidələr kimi tanınması əvəzinə, onlara göstərilən münasibət ürək ağrıdır".

Raçel Avraham vurğulayıb ki, İmarət qəbiristanlığı erməni işğalçıları tərəfindən təhqir edilən yeganə tarixi məkan olmayıb. Ermənilər Ağdam şəhərində 1860-cı illərdə tikilmiş tarixi məscidi gözətçi qülləsinə və donuz tövləsinə çeviriblər. Məscidin tamamilə dağılmamasının yeganə səbəbi də məhz budur. Bu ərazidə 60-dan çox məscid tamamilə dağıdılıb. İşğaldan əvvəl, o cümlədən İkinci Dünya müharibəsi illərində də sovet əsgərlərini də təmin edən tarixi Ağdam Çörək Muzeyində çörək nümunələri qorunurdusa, indi həmin qiymətli tapıntıların qalıqlarından belə əsər-əlamət yoxdur. Oradakı bütün digər eksponatlar tamamilə məhv edilib. Muzeyin binası yandırılıb.

"Erməni cinayətkarlarının bütöv bir şəhəri dağıtmaq kimi mənfur əməlinin səbəblərini anlamaq çox çətindir. Onların İkinci Dünya müharibəsi dövründən qalan çörək nümunələri kimi nadir mədəni sərvəti niyə məhv etdiklərini, məscidlərdə at və donuz saxlamaq istəyini başa düşmürəm. Meyitlərin dişindən bir neçə qızıl diş qoparmaq üçün yüzlərlə məzarı niyə təhqir etdiklərini də başa düşmürəm. İnsanlığa qarşı bütün bu ağır cinayətlərin arxasında duran məntiqi başa düşmək çətindir. Mən UNESCO-nun Ağdamda dağıdılmış və dünya irsinə məxsus abidələrin dağıdılmasına etiraz etməməsini və ermənilərin bu hərəkətlərini niyə qınamadığını başa düşə bilmirəm. Beynəlxalq ictimaiyyət hara baxır? BMT hara baxır? BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozan və bütöv bir regionda etnik təmizləmə aparan Ermənistana qarşı ABŞ Konqresi niyə bu qədər ermənipərəst mövqe tutur?", - deyə müəllif təəssüflə vurğulayıb.

Reyçel Avraham bildirib ki, Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Maksim Qoən ona Ağdama ikinci dəfə səfər etdiyini bildirərək böyük dağıntıların şahidi olduğunu deyib. O qeyd edib: "Nifrətin nə demək olduğunu bilmək istəyirsinizsə, Ağdama və Qarabağ bölgəsinə səfər edin. Ermənistan rejimindəki millətçi ünsürlərin burada nələr etdiklərini öz gözlərinizlə görün".

İsrail Akademiya Monitorunun direktoru Barnet Dana isə bildirib ki, 30 illik işğal zamanı burada hər şeyin məhv edildiyi aşkar faktdır, Çörək muzeyinin dağıdılması çox utancvericidir.

Ağ evin Prezident Komitəsinin üzvü Kordell Karter Ağdama səfər edənədək bu şəhər haqqında məlumatsız olduğunu, belə bir fəlakətin ilk dəfə şahidi olduğunu deyib. Onun sözlərinə görə, Qərb ictimaiyyəti bu barədə daha ətraflı məlumatlandırılmalıdır.

Qarabağda erməni vandallarının törətdikləri dəhşətli dağıntıları öz gözləri ilə gördüyünü bildirən Ayub Kara vurğulayıb: "Azərbaycan Qarabağın sahibidir. Bu, qanunidir və Ermənistan bunu qəbul etməlidir. İki ölkə arasında münasibətlərin normallaşması üçün bütün dairələrdən olan insanlar sülh istiqamətində çalışmalıdırlar. Sülh ən doğru yoldur".

AZƏRTAC