Keyfiyyətli ərzaq məhsulları günümüzün tələbidir
İQTİSADİYYAT

Keyfiyyətli ərzaq məhsulları günümüzün tələbidir

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması da bu məqsədə xidmət edir

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 23 fevral tarixli 1012 VQD nömrəli Qanunun tətbiqi haqqında” dövlət başçısının 2018-ci il 16 aprel tarixli Fərmanı var. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti həmin il iyulun 16-da “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə “Qaydaları”nı təsdiqləyib. Yeri gəlmişkən qeyd edək ki, “Qaydalar”a görə onun (yəni sertifikatın) verilmə müddəti ən geci 7 iş günü, rüsum 20 AZN-dir, xidmət haqqı yoxdur.

Qida təhlükəsizliyi sertifikatı qəbul olunduqdan sonra bu vaxta qədər tətbiq olunan, bütün mallara verilən gigiyenik sertifikatlar ləğv edilib. Bu, 2018-ci il iyulun 1-dən etibarən tətbiq olunub. Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestri aparılıb və işi təkmilləşdirmək, daha səmərəli etmək məqsədilə sahibkarlar gigiyenik sertifikatdan azad olunublar.

Qida təhlükəsizliyindən danışarkən biz tez-tez qida zənciri ifadəsilə rastlaşırıq. Bu termin olduqca geniş anlayışdır və təkcə insana yox  bütün canlılara şamil edilə bilər.

Amma bizim mövzumuz insandır. Onun da böyüməsi, yaşaması, inkişafı, hərəkəti və s. üçün enerji mənbəyi lazımdır və bu enerji mənbəyini də insan yediyi qidalardan alır.

Amma etiraf edək ki, bu gün dünyada ekoloji tarazlığın pozulması ən çox qida məhsullarında özünü büruzə verir. Çünki genetik modifikasiya olunmuş (GMO) məhsullar indi dünyada təhlükəli problemə çevrilib. Məsələn, soyuğa və xəstəliyə davamlı olması üçün kartofa əqrəb, şaxtaya davamlı olması üçün pomidora və çiyələyə balıq geni, banana analgin və s. vururlar. Ən təhlükəlisi isə uşaq qidaları (dondurma, kolbasa, sosiska, makaron, ət məhsulları) genlərinin dəyişdirilməsidir.

GMO məhsullar isə insanlarda cürbəcür xəstəliklər yaradır, xərçəngə, sonsuzluğa gətirib çıxarır. Bu, artıq dünyanın bütün vicdanlı, mütərəqqi həkimlərinin (mütəxəssislərinin, laboratoriyalarının) birmənalı rəyidir.

Təbii, mütərəqqi bəşəriyyət GMO təhlükəsinə qarşıdır. Artıq onlarca dövlət nəinki GMO məhsullarını, hətta onun toxum və tinglərini belə öz sərhədindən içəri buraxmır.

Bu məsələdə gənc və müstəqil Azərbaycan dövləti də vaxtında zəruri addımlar atıb. Hələ 2000-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin BMT-nin “Bioloji müxtəlifliyə dair” konsepsiyasına qoşulmasına nail olub. 2005-ci ildən isə bu konsepsiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartogen protokolu”nu imzalamışıq. Yəni gənc və müstəqil Azərbaycan dövləti GMO məhsullarını və belə mənşəli ərzaq mallarını, habelə onların toxumlarını (tinglərini) öz ərazisinə buraxmır.

Bu sahədə ölkəmiz daha irəli gedərək 13 iyun 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanun qəbul edib.

Bu sahədə atılan ən yekun və mühüm addım isə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasıdır. Agentlik dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanına əsasən yaradılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq, fitosanitar nəzarətə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini təmin edir. Qida məhsullarının ilkin emalı, tədarükü, istehsalı, qablaşdırılması, saxlanması, daşınması, ixrac-idxal əməliyyatları daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən mərkəzi orqandır.

AQTA ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq reyestrdən çıxarış, qida təhlükəsizliyi sertifikatının verilməsi, Avropa İttifaqı ölkələri ilə yeyinti məhsullarının idxalı və ixracı proseslərində sənədlərin hazırlanması və s. vəzifələri həyata keçirir.

Gənc qurum üzərinə düşən vəzifələri necə yerinə yetirir?-bu, artıq ayrı bir mövzunun söhbətidir. Əlbəttə, bu dövlət qurumunun fəaliyyətindən ətraflı söhbət açsaq, çox geniş bir yazı alınar. Əsas odur ki, dövlət başçısının müvafiq Fərmanı ilə ərsəyə gələn AQTA vaxtında və doğru olaraq yaradılıb. Bu dövlət qurumunun yaradılması və uğurlu fəaliyyəti də insanların səhhətinə, sağlamlığına xidmət göstərməyə hesablanmış bir addımdır.

Nəriman CAVADOV,

“Respublika”.