Laçın-Xankəndi yolunda aksiya davam edir
Siyasət

Laçın-Xankəndi yolunda aksiya davam edir

"Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir". Ötən ilin sonunda - dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev Laçın-Xankəndi yolunda baş verən hadisələrlə bağlı bu fikirləri söyləmişdir.

Bir aydan artıqdır ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın-Xankəndi yolunun bir hissəsində azərbaycanlı aktivistlər, ekoloqlar, qeyri-hökumət təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri Qarabağ iqtisadi rayonunda ermənilər tərəfindən Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Etirazçılar ekoloji terrora, ölkəmizin faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarına son qoyulanadək dinc aksiyanı davam etdirəcəklərini bildirirlər. Ermənilərin talançılığına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlılarına məxsus təminat yüklərinin daşınmasına, humanitar məqsədlər üçün avtomobillərin keçməsinə yolda heç bir maneçilik törətmirlər. Belə ki, aksiyanın başladığı vaxtdan bu günə qədər sülhməramlıların dörd yüzə yaxın yük avtomobili qarşı tərəfə keçmiş, dinc əhali üçün ərzaq və digər lazım olan vasitələr aparmışlar.

Lakin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz fəaliyyət göstərən ermənilər hər zaman olduğu kimi, yenə də iftira, yalan dolu ittihamlar səsləndirərək blokadada olmaları barədə illüziya yaratmağa çalışır, növbəti anti-Azərbaycan şousu nümayiş etdirirlər.

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, bu ərazilərdə bir çox xarici ölkənin böyük şirkətləri ilə işbirliyi quraraq xalqımızın təbii sərvətlərini talan edən ermənilər İkinci Qarabağ müharibəsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də öz çirkin əməllərindən əl çəkmir, vandallıq, dağıdıcılıq siyasətini davam etdirərək ekologiyamıza ciddi ziyan vururlar. Azərbaycanın öz tarixi ərazilərini işğaldan azad etməsini həzm edə bilməyən ermənipərəst qərb ölkələri, beynəlxalq təşkilatlar isə ermənilərin terror aktlarını, ekosid siyasətini həyata keçirməsinə göz yumurlar. Ölkəmizə qarşı ikili münasibət bəsləyən erməni havadarları Azərbaycan əleyhinə çıxışlar edərək azərbaycanlıların dinc erməni əhalisinin yolunu kəsdiyini, onları blokadada saxladıqlarını iddia edirlər.

Şaxtalı, qarlı günlərə baxmayaraq, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarındakı təbii sərvətlərimizin mənimsənilməsinə etiraz edərək dinc aksiya keçirən ekofəallar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, ərazidə monitorinq keçirilməsi kimi haqlı tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Aksiya iştirakçıları böyük ruh yüksəkliyi ilə dinc şəraitdə keçirdikləri aksiyada Azərbaycan, rus, ingilis dilində "Sərvətlərimizin talanı dayandırılsın!", "Ekocinayətə son!", "Təbiəti qoruyaq!" və s. şüarlar səsləndirir, plakatlar qaldırırlar. Bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibə verən ölkə başçımız bu barədə demişdir: "Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır".

Qeyd edək ki, Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsi səbəbindən Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, monitorinq aparmaq məqsədilə dekabr ayının ilk günlərində həmin ərazidə olmuşlar. Lakin rus sülhməramlıları monitorinqlərin aparılmasına şərait yaratmamışlar.

Ötən il dekabr ayının 12-dən etibarən azərbaycanlı ekofəallar dinc aksiyaya başlamışlar. Aksiya iştirakçıları ölkəmizə məxsus faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına qəti şəkildə etirazlarını bildirir, ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Mehparə ƏLİYEVA,

"Respublika".