Milli birliyimiz, azərbaycançılıq məfkurəsi müstəqilliyimizə stimul verir
Digər xəbərlər

Milli birliyimiz, azərbaycançılıq məfkurəsi müstəqilliyimizə stimul verir

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu isə əslində respublikamızda aparılan dövlət siyasətində ümummilli mənafelərin reallaşdırılması deməkdir. Azərbaycan Respublikası dünya azərbaycanlıları tərəfindən milli-tarixi təkamülün bəhrəsi, milli mənliyin rəmzi, tarixi Vətən anlayışının qəbul edilməsidir.

Bu gün dünyada "qloballaşma" adlanan tarixi proses başlanmışdır. Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.

Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşdirilməsi məsələsi dövlət quruculuğunun əsas vəzifələri kimi meydana çıxdı.

Dünya azərbaycanlılarının birliyi azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. 31 dekabr Azərbaycanın tarixinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi daxil olmuşdur. Bu istiqamətdə ilk addım qəlblərdə heykələ çevrilmiş Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sessiyasında atıldı. Sessiyada Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul edildi. Qərara "31 Dekabr - Milli Həmrəylik Günü" kimi hər il bayram edilməsini nəzərdə tutan müddəa ilə yanaşı, bu günün bütün Azərbaycan ərazisində qeyd olunması barədə Respublika Ali Sovetinə təklif verilməsinin zəruriliyi ilə bağlı xüsusi bənd də salındı. Bu tarixi sessiyadan doqquz gün sonra dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə sərəncam verdi.

2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi. Biz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı müxtəlif ölkələrdə yaşayan diaspor rəhbərləri və fəalları ilə görüşüb söhbət etdik, onların bayramla bağlı ürək sözlərini qələmə aldıq.

 

Samir Qarayev,

Rusiya Federasiyası Ryazan şəhər Azərbaycan Milli Mədəni Muxtariyyət İctimai Birliyinin sədri, siyasi elmlər namizədi, fəxri hüquqşünas

–Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir. Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi naminə təşkilati-hüquqi tədbirlərlə yanaşı, həm də mükəmməl ideoloji-siyasi iş aparmış, soydaşlarımızın monolit qüvvəyə çevrilməsi üçün azərbaycançılıq ideologiyasını önə çıxarmışdır. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini sürətləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur.

Ulu öndər Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli birliyin prioritet məsələ olduğunu dövlət rəhbəri kimi xalqa bəyan etmişdir: "Biz gərək milli birliyimizi həmişə yüksək saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyimə görə istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm".

Dünya azərbaycanlılarının 2016-cı ilin iyununda Bakıda keçirilən IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayda bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin güclənməsini, Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsini qürur hissi ilə qeyd etmişdir. Bu gün Rusiya-Azərbaycan dostluq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu dostluğun memarı isə ulu öndərimiz Heydər Əliyevdir. O, Rusiyada rəsmi səfərlərdə olarkən həmişə milli diasporumuzla yaxından maraqlanmış, mütəşəkkil qüvvəyə çevrilmələri üçün soydaşlarımıza lazımi tövsiyələr vermişdir.

Vurğulamaq lazımdır ki, mütəmadi olaraq Rusiya Federasiyasında yaşayan həmvətənlərimizlə müxtəlif tədbirlər keçirilir, Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasına maksimum səy göstərilir.

Soydaşlarımız elm, mədəniyyət, səhiyyə və digər sahələrdə öncül yerlərdə gedir, xalqımıza şan-şöhrət gətirirlər.

 

Natiq Bağırov,

Belarus Azərbaycanlıları Konqresinin sədri, "Şöhrət" ordenli

–Milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının mənəvi birliyini, Vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm istiqamətləri Heydər Əliyevin "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində öz konseptual əksini tapmışdır.

"Azərbaycan mənim ürəyimdir", - deyən Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi həm də onda təzahür etmişdir ki, o, diaspor işi ilə yalnız ölkəmizin siyasi-iqtisadi maraqlarının tərkib hissəsi olaraq deyil, ilk növbədə milli-mənəvi məsələ kimi irəli sürürdü.

Belarusda yaşayan soydaşlarımız da çevik və mütəşəkkil qüvvəyə çevrilmişdir. Həmvətənlərimizin hər birinin qəlbi Azərbaycan, Vətən eşqi ilə döyünür.

Diaspor təşkilatının səyi nəticəsində yaşadığımız ölkədə ilboyu müxtəlif tədbirlər keçirir, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə üstünlük veririk.

Belarus Azərbaycanlıları Konqresində azərbaycanlıların təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi işinin təkmilləşdirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, adət-ənənələrimizin yaşadılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif səpkili tədbirlər, etiraz aksiyaları, mitinqlər, küçə yürüşləri, elmi-praktik konfranslar, simpoziumlar təşkil olunur, foto və rəsm sərgiləri, filmlər nümayiş etdirilir. Vətən müharibəsi dövründə həyata keçirilən etiraz aksiyaları buna bariz nümunə ola bilər.

Son illər Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda idmanın sürətlə inkişafı, bir çox mötəbər yarışların ölkəmizdə keçirilməsi yaşadığımız qürbət ölkədə bizi ürəkdən sevindirir.

 

Oleq Krapivin,

Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri, "Dostluq" ordenli

–Milli həmrəylik tarixi Vətənin maraqlarından doğan zərurətdir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan tarixi zərurət kimi qiymətləndirir. Azərbaycançılıq dünya azərbaycanlılarının, bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir.

Fəxrlə demək olar ki, bu gün dünyadakı soydaşlarımız vahid ideya ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrilmişlər. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır.

Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də Vətənlə daha sıx bağlanmağa imkan yaratmışdır.

"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanuna uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılar üçün əlverişli şərait yaradılmışdır.

Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq məhz ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarını doğma Vətənə xidmət edən mütəşəkkil qüvvəyə çevirmək yolunda dövlət siyasətində mühüm işlər görülmüşdür.

Dünya Azərbaycanlılarının I, II, III və IV qurultayları Milli diasporumuzun təşəkkül tapması və onların bir bayraq altında birləşməsinə təkan vermişdir.

2022-ci il aprel ayının 22-də Qarabağın incisi Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı keçirildi. Tarixi Zəfərdən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları toplaşaraq qurultay keçirdi və bu qurultayın Şuşada keçirilməsi çox əlamətdar hadisə oldu.

Vətən müharibəsi günlərində həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vurur, bir hədəfə çatmaq üçün çalışırdılar. Hamı hər gün öz əməyi, işi ilə, bu Qələbə Gününü yaxınlaşdırdı. Qarşımızda duran ən mühüm məqsəd - torpaqlarımızın işğaldan azad olunması vacib və ali vəzifə idi ki, o da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə həyata keçirildi.

Azərbaycan tarixinə Zəfər Qurultayı kimi düşən bu toplantıda Prezident İlham Əliyev demişdir: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqdan xalqımızı tərpədə bilməz".

V Qurultay - Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı, Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirildi. Bu da təsadüfi deyil, çünki Şuşa mənəvi baxımdan xalqımız üçün böyük məna daşıyır. Qurultayın məhz Şuşada keçirilməsi bütün dünya azərbaycanlılarında böyük qürur və sevinc hissi yaratdı.

Ukraynadakı həmvətənlərimiz adından xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.

 

Alim Bayram,

ABŞ-ın Boston şəhərindəki Texnologiya Universitetinin tələbəsi, diaspor fəalı

–Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması Azərbaycan icmaları cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə mübarizəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci il may ayının 23-də ümummilli lider Heydər Əliyevin məlum sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşdirilməsinə istiqamətlənmişdir.

Həmin il noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. Yüksək səviyyədə keçən bu mötəbər məclisə soydaşlarımız böyük həvəslə gəlmiş, tarixi vətən qarşısında hesabatlarla çıxış etmişlər. Bu qurultay dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Bakıda keçirilən I, II, III, IV qurultayları, həmçinin bu ilin aprelində Qarabağın incisi Şuşada keçirilən V Qurultayı - Zəfər Qurultayı soydaşlarımızın vahid ideya ətrafında birləşməsinə təkan vermişdir. Prezident İlham Əliyev ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin prinsip və ideyalarını inkişaf etdirərək soydaşlarımızın tarixi Vətənin ümumi mənafeləri çərçivəsində həmrəyliyinin təmin olunmasına, milli maraqlarımızın qorunmasında diasporun imkanlarından daha səmərəli istifadə edilməsinə istiqamətlənmiş siyasət yürüdür. Prezident İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problemləri ilə maraqlanır və dəyərli tövsiyələrini verir.

Vurğulamaq lazımdır ki, ABŞ-ın müxtəlif şəhərlərində çox sayda azərbaycanlı gənclər təhsil alır. Onlar təhsildə azsaylı xalqlar arasında fərqlənirlər. Mən səkkizillik təhsili Bakıda, 275 saylı Suraxanı məktəbində bitirdim, sonra Xətai rayonunda Kaspi Liseyində oxudum, ən nəhayət qəlbimin hökmü ilə ABŞ-a üz tutdum və XI, XII sinifləri həmin ölkədə bitirdim. Yüksək qiymətlərlə Boston şəhərindəki Texnologiya İnstitutunun arxitektor fakültəsinə daxil oldum.

Təhsil aldığım şəhərdə azərbaycanlı gənclərlə sıx əlaqə saxlayır, diaspor fəalları ilə Azərbaycanın Milli bayramları, Xocalı faciəsi ilə bağlı tədbirlər keçiririk. Biz çalışırıq ki, Azərbaycan həqiqətləri dünya xalqlarına çatdırılsın.

Biz qürur hissi keçiririk ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa və quruculuq işləri aparılır.

 

Nuran Abdullayev,

Almaniya Azərbaycanlıları Alyansı idarə heyətinin sədri, tibb elmləri doktoru,dosent

–Bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, həmrəyliyinin güclənməsində yeni bir mərhələnin başladığını söyləmək olar. Hazırda bütün Avropa ölkələrində azərbaycanlıların icmaları, milli-mənəvi cəmiyyətləri yaradılmış, onların arasında müəyyən əlaqələr qurulmuşdur.

Bu gün dünyanın müxtəlif ölkələrində mütəşəkkil diasporumuz mövcuddur. Bu istiqamətdə məqsədyönlü iş aparılır.

Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində siyasəti ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ideya və prinsiplərin konseptual istiqamətlərinə əsaslanır. Bu siyasətin əsas məqsədi dahi öndərimizin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq dünya azərbaycanlılarının vahid təşkilatda birləşməsinə nail olmaqdır.

Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Almaniyada da mütəşəkkil diasporumuz mövcuddur. Bu istiqamətdə məqsədyönlü iş aparılır. Azərbaycan-Almaniya dostluğu yüksələn xətlə inkişaf edir.

Bu bayram günündə fəxrlə demək olar ki, Almaniyadakı diasporumuz mütəşəkkil qüvvəyə çevrilmişdir. Yaşadığımız ölkədə həmvətənlərimizin hüquqları qorunub saxlanılır, onların üzləşdikləri problemlər vaxtında həll olunur.

Vurğulamaq lazımdır ki, diaspor fəallarının gücü, qüdrəti, həmrəyliyi həmişə müşahidə olunur. Azərbaycanın milli bayramları, həmçinin 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

 Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə yer üzərinə səpələnmiş, qürbətdə yaşayan, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımızı təbrik edir, tarixi Vətənin maraqlarından irəli gələn vəzifələrin həllində həmvətənlərimizə həmrəylik, bir bayraq altında birləşməyi arzulayıram.

 

Arif Niftəliyev,

Özbəkistan Azərbaycanlıları Milli Mədəniyyət Mərkəzi idarə heyətinin üzvü

–1993-cü ilin iyun ayında tarixi zərurət və xalqın tələbi ilə ulu öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən dünya azərbaycanlıları ilə əməkdaşlıq istiqamətində keyfiyyət və mahiyyətcə yeni mərhələ başlamışdır.

Müstəqil Azərbaycan Respublikasının qurucusu ümummilli liderimiz Heydər Əliyev çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyanı-dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürmüş və böyük uğurla həyata keçirmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icma, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zəruriliyini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu.

2022-ci ilin aprelində Şuşa şəhərində dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı keçirildi.

İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır.

Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Özbəkistanda da milli diasporumuz mütəşəkkil qüvvəyə çevrilmişdir. Diaspor fəallarının birgə səyi nəticəsində yaşadığımız ölkədə ilboyu silsilə tədbirlər keçirilir. Azərbaycan-Özbəkistan dostluğu, əlaqələri yüksələn xətlə inkişaf edir.

 

Zəkəriyyə Dəmiral,

Türkiyənin Qars Azərbaycan Kültür Dərnəyinin sədri

–Müasir tarixi situasiya, dünyada baş verən mühüm geosiyasi hadisə və proseslər, milli-mədəni inkişaf, qloballaşmanın nəticələri türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini davamlı şərtləndirən əsas amil kimi çıxış etməkdədir.

2007-ci ilin mart ayında Bakı şəhərində keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatı rəhbərlərinin I Forumu iki qardaş xalqın tarixində mühüm hadisə olmaqla, diasporların həyatında yeni bir səhifə açmışdır. Forumun qəbul etdiyi qərarlar Azərbaycan və türk xalqlarının vahid etnomilli mədəniyyətə və tarixə deyil, həm də ortaq strateji maraqlara malik olduğunun parlaq təsdiqi olmuşdur.

2007-ci ilin noyabr ayında Bakı şəhərində Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Azərbaycan və türk xalqları arasında əlaqələrin daha geniş coğrafiyasını əhatə etdiyini, digər türkdilli xalqların da əməkdaşlıq zirvəsinə daxil olduğunu göstərdi.

Vurğulamaq lazımdır ki, Qarsda Azərbaycanın milli bayramları, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Mart qırğını ilə bağlı silsilə tədbirlər keçirilir, zaman-zaman türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan erməni vəhşiliyi dünya xalqlarına çatdırılır.

Azərbaycan və Türkiyə bütün dünyaya əsl qardaş həmrəyliyi nümunəsi göstərməkdədir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərimizi, sarsılmaz həmrəyliyimizi bir daha rəsmiləşdirən tarixi sənəddir.

Həmrəylik amalı ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayır. Bu gün dünyanın bir çox ölkələrində yaşayan türk və azərbaycanlıların qəlbində sönməz türk çırağı yanır və ətrafa işıq saçır.

 

Mayis Nuriyev,

İtaliyada "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti

–Milli həmrəylik, milli birlik ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci il dekabrın 16-da imzaladığı fərmanla 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi və Milli Birlik Günü elan etmişdi. Sonradan xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə gələn ulu öndər Heydər Əliyev bu ideyanı daha geniş şəkildə həyata keçirməyə başladı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasında məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dininə, dilinə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporu ilə bağlı ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu.

Hər yerdə olduğu kimi, İtaliyada da milli diasporumuz mütəşəkkil qüvvəyə çevrilmişdir. "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə həmişə yaşadığımız ölkədə yaddaqalan tədbirlər keçirilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həmvətənlərimizi təbrik edir, onlara birlik, həmrəylik və vahid ideya ətrafında birləşməyi arzulayırıq.

Hazırladı:

Qədir ASLAN,

Əməkdar jurnalist.