Milli Konservatoriyada Milli Musiqi Günü qeyd edilib
Mədəniyyət

Milli Konservatoriyada Milli Musiqi Günü qeyd edilib

Azərbaycan Milli Konservatoriyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli Musiqi Gününün əhəmiyyətindən söhbət açıb.

O, bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, bu bayram tədbiri bu il ölkəmizdə yeni ab-havada qeyd olunur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir.

Mədəniyyət naziri Anar Kərimov bayram münasibətilə musiqisevərləri təbrik edib, festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib. “Çox sevinirik ki, bu gün musiqi gününü qeyd edəndə doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu sevinci bizə yaşadıb. Bu gün bu festivalı Şuşada da qeyd edirik. Beləliklə, Üzeyir bəyin və digər Şuşadan olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır”, - deyə nazir vurğulayıb.

Festivalın konsertlərinin Ağdamda, Gəncədə də təşkil ediləcəyini bildirən nazir deyib: “Artıq biz Şuşada - mədəniyyətimiz paytaxtında “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik. Beləliklə, Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını və ölməz əsərlərini bir daha dünyaya təqdim edəcəyik”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, bu il bu bayramı başqa bir əhval-ruhiyyədə keçiririk: “Üzeyirin musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurları Üzeyir bəylə bağlıdır. Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir”.

Sonra musiqi proqramı təqdim edilib. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Rəvanə Əmiraslanova və Aytən Məhərrəmovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.

AZƏRTAC