Milli Ödəniş Sistemləri təkmilləşdirilir
Digər xəbərlər

Milli Ödəniş Sistemləri təkmilləşdirilir

Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələrdə yeni texnologiyaların tətbiqi geniş olaraq həyata keçirilir. Son illər Azərbaycan Respublikasının Milli Bankı tərəfindən Milli Ödəniş Sisteminin yaradılması və inkişafı strategiyasına müvafiq olaraq elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılmış və bu zaman beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə təcrübəsinə istinad olunmuşdur. Həyata keçirilən islahatlar nəticəsində Milli Ödəniş Sisteminin arxitekturasının ən mühüm komponentləri yaradılmışdır.

Bütün bankların və Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlıq İdarəsinin ödənişlərini həyata keçirən və Milli Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi yaradılaraq istifadəyə verilmişdir. Bunun nəticəsində banklar arasında əvvəllər günlərlə çəkən hesablaşmaların saniyələr ərzində başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin xeyli dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə imkan yaranmışdır. Bundan sonra isə Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verilmişdir. Beləliklə, kiçikhəcmli ödənişlərin (əmkhaqqı, sosial müdafiə ödənişləri, su, qaz, elektrik enrjisi üzrə kommunal ödənişlər) və s. elektron daşıyıcılar əsasında aparılmasına zəmin yaradılmışdır.

Hər iki sistem yaradılarkən ən müasir texnologiyaya və proqram təminatlarına əsaslanmış və əhəmiyyətli ödəniş sistemlərinə dair beynəlxalq standartlar əldə rəhbər tutulmuşdur. Bu sistemlərin fəaliyyətə başlaması ilə ölkədə bank sisteminin və maliyyə bazarlarının inkişafı üçün əlverişli şərait yaranmış, bu isə öz növbəsində bazar iqtisadiyyatına əsaslanan daha səmərəli pul-kredit siyasətinin aparılmasına, bütövlükdə isə ölkənin iqtisadi inkişafı və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərmişdir.

Milli Ödəniş Sisteminin İnkişafı üzrə Dövlət Proqramının əsas məqsədi hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha geniş, aktiv istifadəyə cəlb edilməsi, onlar üçün ərazi mənsubiyyətindən asılı olmayaraq bütün ölkəni əhatə etməklə vahid elektron məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması, pul kütləsinin bank sistemində yığılaraq ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində ölkədə ödəniş sistemlərinin, o cümlədən hesablaşma və klirinq sisteminin yaradılmasını, onların fəaliyyətinin təşkil edilməsini, inkişafını təmin edən dövlət orqanıdır. Bu gün elektron ödəniş sisteminin yaradılması istiqamətində həyata keçirilən islahatların nəticəsində ölkədə ən müasir texnologiya təminatına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi infrastrukturu yaradılıb. Mərkəzi Bank davamlı olaraq Milli Ödəniş Sisteminin sabit və etibarlı fəaliyyətinin təşkil edilməsi istiqamətində kənar təhdidləri və riskləri analiz edir, baş verə biləcək hər hansı fövqəladə hallar zamanı ödəniş sistemlərinin fəaliyyətinin davamlılığının təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Mərkəzi Bank tərəfindən bu sahədə həyata keçirilən əsas tədbirlərdən biri “Milli Ödəniş Sisteminin Modernizasiyası” layihəsidir. 2014-cü ildə Mərkəzi Bank beynəlxalq aləmdən gələ biləcək təhdidlərin neytrallaşdırılması, həmçinin Milli Ödəniş Sisteminin əsas komponentlərindən biri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZİPS) fəaliyyətinin beynəlxalq strukturlardan asılılığının aradan qaldırılması məqsədilə bu layihəyə start verib. Bununla da layihə çərçivəsində ödəniş sisteminin fəaliyyəti lokal telekommunikasiya şəbəkəsi üzərindən quruldu və sistem iştirakçıları olan banklara, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə milli valyutada hesablaşmaların beynəlxalq kommunikasiya təchizatçısı olan SWİFT ilə yanaşı, həm də lokal telekommunikasiya şəbəkəsi üzərindən həyata keçirilməsi imkanı yaradıldı. Lokal telekommunikasiya şəbəkəsi üzərindən fəaliyyət göstərən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sisteminin (XÖHKS) sabit və davamlı fəaliyyətində hər hansı bir problem yaşanmadı. Sistem iştirakçılarının milli valyutada aparılan hesablaşmalarının fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edildi.

Son illər Mərkəzi Bank tərəfindən pərakəndə nağdsız ödənişlərin inkişafı üzrə həyata keçirilən layihələrdən biri “Kart ödənişləri üzrə Milli Şəbəkə”nin yaradılmasıdır. Bu layihənin icrası ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi ilə aparılan əməliyyatların effektivliyinin artırılmasını və təhlükəsizlik səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Layihə çərçivəsində görülən işlər nəticəsində prosessinq fəaliyyəti göstərən bütün kart prosessinq mərkəzlərinin infrastrukturu arasında əlaqə yaradılmış və bununla da ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı yeni yaradılan infrastruktur vasitəsilə həyata keçirilir.

Mərkəzi Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də yaradılmış Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir. Bu sahədə görülən tədbirlərdən digəri isə vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanmasını təmin edən “Hökumət Ödəniş Portalı”nın (HÖP) yaradılmasıdır. Hazırda dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator yaradılmışdır. Eyni zamanda, HÖP infrastrukturu Rabitə Nazirliyi tərəfindən yaradılmış “Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (VXSİDA) həvalə edilən funksiyaların səmərəli və operativ icrasının təmin edilməsi məqsədilə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərilir. Hazırda çoxfunksiyalı ASAN ödəniş sistemi vasitəsilə ödənişlərin, habelə “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin HÖP üzərindən aparılması təmin olunub. Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında “Azərpoçt” MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqələrində nağd formada və portalın internet resursundan istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb. Mərkəzi Bank tərəfindən yeni layihələrin reallaşdırılması ödəniş sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini, həmçinin iqtisadiyyatda nağdsız hesablaşmaların daha effektiv həyata keçirilməsini təmin edərək nağdsız ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsində mühüm rol oynayır. Bütövlükdə ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən şəffaf, təhlükəsiz, səmərəli, qabaqcıl texnologiyaya və proqram təminatına əsaslanan və beynəlxalq standartlara cavab verən ödəniş sistemlərinin yaradılması təmin edilmişdir.

Əli SADIQOV,

“Respublika”.