Mövcud geosiyasi reallıqlar Fransanın niyyətlərini puça çıxardı
Siyasət

Mövcud geosiyasi reallıqlar Fransanın niyyətlərini puça çıxardı

Bu gün dünyanın siyasi gündəmində ən çox müzakirə və təhlil olunan əsas mövzu Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr, diqqətçəkən məqamlar, gələcək perspektivlərlə bağlıdır.

İlk öncə onu qeyd etmək lazımdır ki, bütövlükdə görüş Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi olaraq dəyərləndirilir. Beləliklə, artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti, prinsipiallığı bu reallığı dünya ictimaiyyətinə birmənalı qəbul etdirdi. Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəf olduğu bir daha təsdiq olundu. Bu isə o deməkdir ki, Ermənistanla yanaşı, Avropa liderləri də Azərbaycanın, Qarabağ daxil olmaqla, ərazi bütövlüyünü tanıyır və sülh danışıqları Prezident İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında aparılacaq.

Məlum olduğu kimi, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır". Diqqətçəkən daha bir məqam isə bundan sonra sülh razılaşmasında hansı addımların atılacağı məsələsidir. Nikol Paşinyan və onun havadarı, ermənipərəst mövqeyi ilə tanınan Fransa prezidenti Emmanuel Makron istəyirdilər ki, göndəriləcək Aİ missiyası hər iki tərəfdə fəaliyyət göstərsin. Prezident İlham Əliyev buna razılıq verməyib, Azərbaycan sadəcə bu missiya ilə əməkdaşlığa razılıq verib.

Aİ-nin missiyasının Ermənistana buraxılması, Fransanın Cənubi Qafqaza daxil olması Paşinyanın Qərbə yönəlik siyasətinin davam edəcəyini göstərir. Çətin ki, onun davranışları ənənəvi müttəfiqi Rusiya tərəfindən müsbət qarşılansın. Fransanın da üzvü olduğu Minsk qrupunun bədnam fəaliyyətini Azərbaycan xalqı unutmayıb. Politoloqlar da vurğulayırlar ki, Fransanın nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında vasitəçiliyə can atması həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və cidd-cəhdləri nəticəsində baş tutan Brüssel formatı çərçivəsində atılan önəmli addımlara qarşı yönəlib. Bu, həm də Fransanın üzvü olduğu Avropa İttifaqına münasibətdə də qeyri-səmimi davranışlarının, pozucu fəaliyyətinin, eləcə də öz maraqlarını İttifaqın mənafeyindən üstün tutmasının nümunəsi kimi də dəyərləndirilə bilər. "İnsan hüquq və azadlıqları"ndan, "demokratiya"dan, "xalqların öz müqəddəratlarını təyinetmə hüququ"ndan dəm vuran Fransa hələ də müstəmləkəçi ölkədir. Müasir Fransanın az qala bütün dünya okeanlarında "səpələnmiş" de-fakto müstəmləkələri olduğu bildirilir. Bunu ona xatırlatmaq lazımdır. Yəqin o, hamıdan yaxşı bilir ki, istənilən xarici dövlətin və yaxud beynəlxalq təşkilatın müdaxiləsi suveren hüquqların məhdudlaşdırılması deməkdir. Ermənistanın isə, müstəqil dövlət olmaması, çoxsaylı xarici faktorlardan asılı olduğu heç kimə sirr deyil. Eyni zamanda, digər ölkələrin, eləcə də Ermənistanın bu məsələyə qarışmaq cəhdinin qarşısını alan cənab Prezident İlham Əliyev çox haqlı olaraq bildirdi ki, "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".

Bundan sonra Ermənistanda vəziyyət yaxşı heç nə vəd etmir. Nikol Paşinyan çıxılmaz labirintə düşüb. Bir tərəfdə havadarı Fransanın yalnız özünün ikili standartları, sonunda fürsətdən istifadə edib regiona daxil olmaq istəyi, digər tərəfdə Ermənistanın üzvü olduğu KTMT-də müttəfiqi Rusiyanın maraqları. Ermənistanın qərarına kəskin reaksiya Rusiyadan gəldi. Astanada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana öz müşahidəçilərini göndərməyə hazır olduğunu bildirib. Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşündə qeyd etdiyi kimi, bu problemin həlli üçün Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır. Lavrov qeyd edib ki, Ermənistan KTMT-nin növbədənkənar sammitini çağırmağı xahiş etdikdən dərhal sonra bu baş tutub və KTMT-nin baş katibinin, Birləşmiş Qərargah rəisinin Ermənistana göndərilməsi ilə bağlı qərarlar qəbul edilib. Göründüyü kimi, Rusiyanın xarici işlər naziri Ermənistanın Aİ missiyası ilə bağlı qərarına özünün qəti mövqeyini qoyur. Bu isə o deməkdir ki, KTMT var və başqa müdaxilə yol veriməzdir. Beləliklə, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini erməni maraqlarına işləyən müstəviyə sürükləmək üçün dəridən-qabıqdan çıxsa da, mövcud geosiyasi reallıqlar onun bu niyyətlərini puça çıxardı.

Mustafa KAMAL,

"Respublika".