“Prensa21” xəbər portalının direktoru: Biz burada işğal dövründə törədilmiş vandalizmin izlərini görürük
MÜSAHİBƏLƏR

“Prensa21” xəbər portalının direktoru: Biz burada işğal dövründə törədilmiş vandalizmin izlərini görürük

Otuz illik işğaldan sonra bu torpaqlar öz sahiblərinə qayıtdı. Biz burada işğal dövründə törədilmiş vandalizmin izlərini görürük - dini, mədəni, tarixi abidələr, yaşayış yerləri yerlə-yeksan olunub. Bu, çox ağır mənzərədir. 

Bu sözləri işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Perunun nüfuzlu “Prensa21” xəbər portalının direktoru Karlos Linares söyləyib.

O bildirib ki, bu cür vəhşi əməllər insanı heyrətləndirir: “Burada ərazilərin kütləvi minalanması faktı ilə də qarşılaşdıq. Bu yerlər ona görə minalanıb ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra burada aparılacaq bərpa işləri ləngisin və insanlar arasında daha çox ölüm halı olsun. Daha dəqiq desək, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ləngisin”.

Azərbaycanın azad olunmuş torpaqlarda qısa müddətdə böyük işlərə başladığını söyləyən “Prensa21” xəbər portalının direktoru deyib: “Füzulidə hava limanının inşası, yeni yolların çəkilişi, elektrik stansiyalarının tikintisi bu yerlərə tezliklə yeni həyatın qayıdacağından xəbər verir. Belə qısa müddətdə bu cür irihəcmli infrastruktur layihələrinin həyata keçirilməsi sevindirici haldır. Ölkəmizə qayıtdıqdan sonra burada baş verənləri, Azərbaycanın öz tarixi torpaqlarını azad etməsini, bundan sonrakı prosesləri Peru mətbuatında geniş işıqlandıracağam”.

Qeyd edək ki, avqustun 26-da Cənubi Amerikadan olan KİV nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Səfərin məqsədi cənubi amerikalı jurnalistlərin işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumatlandırılmasıdır. Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.

AZƏRTAC