QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA İNNOVATİV İQTİSADİYYATIN FORMALAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR UĞURLA DAVAM ETDİRİLİR
İQTİSADİYYAT

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA İNNOVATİV İQTİSADİYYATIN FORMALAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR UĞURLA DAVAM ETDİRİLİR

Regionun həm də davamlı və inklüziv inkişafı üçün mühüm tədbirlər həyata keçirilir

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi və müdrik rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfər tarixdə əbədi olaraq qalacaq. Azərbaycan silahlı qüvvələri 44 gün ərzində düşmən ordusunu darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi... Dövlət başçımızın vurğuladığı kimi, bu gün Azərbaycan xalqı qalib xalq kimi yaşayır. Bu gün Azərbaycan xalqı və dövləti bütün dünyada erməni faşizminə qalib gəlmiş xalq və dövlət kimi tanınır.

Xalqımız öz böyük lideri və rəşadətli ordusunun arxasında möhkəm dayandı, əsgər və zabitlərimizin gücünə əlavə güc qatdı. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Ordumuz hər gün irəliləyirdi, hər gün qalib gəlirdi. Hazırda yaşadığımız dövrdə isə işğaldan azad olunmuş ərazilərin bərpası kimi mühüm işlər həyata keçirilir.

Postmüharibə dövründə "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə mövcud 10 iqtisadi rayon əvəzinə 14 iqtisadi rayon təşkil edilib. Sərəncamda vurğulanır ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin edilməsi, zəruri infrastrukturun yaradılması və əhalinin öz doğma yurdlarına qaytarılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından istifadə etməklə bu ərazilərin bərabər inkişafını təmin etmək üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında həyata keçirilməsinin məqsədəuyğunluğu sərhədləri müəyyən edilmiş ərazilərin bölgüsünə yenidən baxmağı zəruri etdi. İqtisadi rayonların yeni bölgüsü Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə və ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpası və Azərbaycanın iqtisadiyyatına yenidən inteqrasiya edilməsi zərurətindən çıxış edərək, Qarabağ (Xankəndi şəhəri, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonları (Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonları) yaradıldı.

İlk növbədə qeyd edək ki, Qarabağ işğala qədər Azərbaycanda istehsal olunan buğdanın ümumi səviyyəsinin 15%-ə qədərini verirdi, bu ərazilərdə üzümçülüyün payı 32%-ə çatmışdı. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanda bütün ət məhsullarının 15%-ə qədərini, südün 17%-dən çoxunu, yunun 20%-ni, yumurtanın 4,0%-ni təmin edirdi. Bundan əlavə, iribuynuzlu mal-qaranın 15%-dən çoxu, xırdabuynuzlu mal-qaranın 19%-i bu ərazilərin payına düşürdü. Laçın, Ağdam, Füzuli, Cəbrayıl və Kəlbəcər rayonlarında heyvandarlıq kənd təsərrüfatında dominant rol oynamış, yerli büdcənin əhəmiyyətli hissəsini təşkil etmişdir. Amma Qarabağın başqa rayonlarında da heyvandarlıq fermaları fəaliyyət göstərirdi.

Bu sərvətlərdən səmərəli istifadə olunması, onların istehsal prosesinə cəlb edilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası böyük həcmdə daxili və xarici investisiyalar tələb edir. Ona görə də bu məqsədlər üçün 2021-ci ildə respublikanın dövlət büdcəsindən 2,0 milyard dollar, 2022-ci ildə isə 2,2 milyard dollara yaxın vəsait ayrılmışdır.

Azərbaycanın 2030-cu ilə qədər nəzərdə tutulan sosial-iqtisadi inkişafın milli prioritetlərinin uğurla həyata keçirilməsi üçün dördüncü sənaye inqilabının tələblərinə cavab verilməlidir. Bunun əsasında Qarabağın və Şərqi Zəngəzurun innovativ iqtisadiyyatının davamlı və inklüziv inkişafı növbəti dövrdə, 5-8 il ərzində təmin ediləcək. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu işlərə təxminən 60 milyard ABŞ dolları məbləğində sərmayə tələb olunacaq ki, bunun da yarıdan çoxunu xarici şirkətlərin investisiyaları təşkil etməlidir. Əlbəttə, dağılmış iqtisadiyyatın tam bərpası, yuxarıda göstərilən yataqların istismarı, xammal və materialların emalı üçün birgə müəssisələrin yaradılması yolu ilə xarici kapitalın cəlb edilməsi zəruridir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, son bir ildə xarici dövlətlərin 1000-ə yaxın kiçik və orta şirkəti işğaldan azad edilmiş ərazilərdə işləmək arzusu ilə Azərbaycana üz tutub. Onların arasında Türkiyə, İtaliya, Macarıstan, Yaponiya, İsrail, Böyük Britaniya, Pakistan, Rusiya, Qazaxıstan şirkətləri daha fəaldır. Bu şirkətlər Qarabağın və Şərqi Zəngəzurun demək olar ki, bütün bölgələrinə tikinti, sənaye, ticarət və xidmət, kənd təsərrüfatı və s. kimi sahələrə investisiya qoymaqda maraqlıdır.

Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı və iqtisadiyyatın bərpası çərçivəsində enerji obyektlərinin tikintisi xüsusi önəm daşıyır. Son iki ildə rayonda bir elektrik stansiyası və beş yarımstansiya tikilib istifadəyə verilmiş, həmçinin yüksəkgərginlikli elektrik xətti çəkilmişdir. Bu obyektlərdə xeyli sayda insan işlə təmin olunub ki, onların da əksəriyyəti bu ərazilərin yerli sakinləridir. Güləbird, Suqovuşan-1 və Suqovuşan-2 SES-lərin fəaliyyəti bərpa edilib, Şuşa, Füzuli, Cəbrayıl və Kəlbəcərdə yarımstansiyalar istifadəyə verilib. Zəngilan, Laçın və Kəlbəcər rayonlarında su elektrik stansiyaları mərhələli şəkildə bərpa olunur. Bir neçə ildən sonra Xudafərin və Qız qalası stansiyalarından 120 MVt gücündə elektrik enerjisi əldə ediləcək. İşğaldan azad olunmuş ərazilərdə alternativ və bərpaolunan enerji növlərini istehsal etmək imkanı da var. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 2021-ci il mayın 3-də bu ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu ərazilərin günəş enerjisində potensialı 4000 MVt-dan, külək enerjisində isə 500 MVt-dan çoxdur. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları günəş enerjisi, Laçın və Kəlbəcərin dağlıq əraziləri isə külək enerjisi potensialına malikdir. Rayonun Tərtərçay, Bazarçay, Xakariçay və kiçik çaylarının böyük hidroenergetika potensialı var. Bu ərazilərdə kiçik SES-lərin sayı 30 ədədə çatır, lakin onların əksəriyyəti əsaslı təmir tələb edir. İlkin məlumatlara görə, Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3/gün termal su ehtiyatı gözlənilir. Sirr deyil ki, indiki mərhələdə bərpaolunan enerji mənbələrinə (külək, günəş, hidrogeotermal və bioenerji), enerjiyə qənaət edən texnologiyaların və enerjinin idarə edilməsinə müasir yanaşma olduqca mühümdür.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çoxlu sayda elektrik stansiyası yenidən qurulub, müasir yarımstansiyalar tikilərək istifadəyə verilib. Hazırda bir neçə yarımstansiyada, elektrik stansiyalarında tikinti-quraşdırma işləri davam etdirilir, yüksəkgərginlikli elektrik xətləri çəkilir.

Sevindirici haldır ki, Azərbaycanda alternativ enerji layihələrinin həyata keçirilməsi nüfuzlu xarici enerji şirkətləri üçün də cəlbedicidir. Bununla bağlı artıq iki şirkət ACWA Power (Səudiyyə Ərəbistanı) və Masdar (BƏƏ) Azərbaycanın Energetika Nazirliyi ilə icra sazişləri imzalayıb. İkitərəfli sazişlərin şərtlərinə əsasən, ACWA Power şirkəti 240 MVt gücündə külək elektrik stansiyası, Masdar şirkəti isə 200 MVt gücündə günəş elektrik stansiyası tikəcək. Bütövlükdə regionun bu ən böyük stansiyaları ölkəyə illik 1,4 milyard kVt/saat elektrik enerjisi istehsalını təmin edəcək. Bütün bunlar təcili olaraq mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsini tələb edir. Bununla bağlı "Elektrik enerjisi istehsalında bərpaolunan mənbələrdən istifadə haqqında" qanunun qəbulu çox önəmlidir. Bunun sayəsində investorlar üçün "yaşıl işıq" yandırılacaq. Qanuna uyğun olaraq, 2030-cu ilə qədər ölkənin ümumi elektrik enerjisi istehsalında "yaşıl enerji"nin payı 30% təşkil etməlidir.

Bütün bu faktlar onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan enerjisinin yeni erası başlayır. Bu regionların iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərdən biri geniş innovativ infrastruktur şəbəkəsinin yaradılmasıdır ki, onların sırasına sənaye parkları və xidmət sahələri, "ağıllı şəhər", "ağıllı kənd", aqropark, birgə müəssisələr, klasterlər, texnoparklar, azad iqtisadi zonalar və s. daxildir. Bu infrastrukturlar iqtisadi-coğrafi xüsusiyyətləri nəzərə alınmaqla inzibati regionların inkişafı üzrə təsdiq edilmiş Baş Plan əsasında yaradılır.

Emin QASIMOV,

"Respublika".