Qarşılıqlı etimadın, səmimi münasibətin ifadəsi
Siyasət

Qarşılıqlı etimadın, səmimi münasibətin ifadəsi

Azərbaycanla Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan dost ölkələrdir

"İkitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, həm qarşılıqlı iki səfər, eyni zamanda bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Dövlət başçısı həmçinin: "Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü bildirirəm", - deyə vurğulayıb.

Uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə ciddi zəmin yaradıb. Şübhəsiz ki, aparılmış dəqiq siyasətin məntiqi nəticəsi olaraq regionun supergücü olan Azərbaycanla indi xarici ölkələrin əksəriyyəti əlaqələr qurmaqda, tərəfdaşlıq münasibəti yaratmaqda maraqlıdır. Prezident İlham Əliyevin beynəlxalq tribunalarda çıxışları, eyni zamanda liderlərin Azərbaycana səfərləri və ölkəmiz haqqında səsləndirilən müsbət fikirlər bunun sübutudur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın 23-də Serbiya Respublikasına dövlət səfəri də atılan növbəti addımlardandır və əlaqələrin yeni əsasda inkişafı üçün stimul yaradır.

Ölkə başçısının Belqradda qarşılanması və keçirilən görüşlər, respublikamıza göstərilən xoş münasibət Azərbaycan Prezidentinin Avropada nüfuzunun artmasının göstəricisi idi. Hazırkı dövrdə Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına nail olmaqdır. Serbiya və Azərbaycanın əməkdaşlığı yeni müstəviyə yüksəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti arasında Birgə Bəyanat, ölkələr arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum və Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi imzalanıb. Ən əsası odur ki, Azərbaycan Prezidentinə, onun həyata keçirdiyi siyasətə, prinsipial mövqeyinə çox böyük inam var.

Növbəti illər üçün bir gündəlik tərtib etdiklərini bildirən Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib ki, prezidentlər bu gündəliyi öz diqqətində saxlayacaq, bu məsələlərin icrasına nəzarət edəcək və bunu da operativ və səmərəli şəkildə etmək üçün tez-tez görüşməliyik.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya şəhərsalma sahəsində, eyni zamanda iqtisadi və sənaye inkişafı, kənd təsərrüfatı sahələrində hərtərəfli inkişaf edir. Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. Prezident Vuçiçin dəvəti ilə bir ay əvvəl Serbiyada rəsmi səfərdə olduğunu qeyd edən və səfər təəssüratlarını bölüşən dövlətimizin başçısı deyib: "Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu, onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir".

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib ki, Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Əməkdaşlığımızın strateji hədəfləri var. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

"Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar. Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir". Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Serbiya Prezidenti Aleksandar Vuçiç vurğulayıb ki, bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək.

Təbii qaz, elektrik enerjisi və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün yeni imkanlar Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji" dəhlizinin yaradılması çərçivəsində dəyərləndirilib. Hər iki dəhlizin Serbiya da daxil olmaqla, Avropa ölkələrinin enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyəti vurğulanıb.

Serbiya və Bolqarıstan arasında interkonnektorun inşasının gələcəkdə Azərbaycandan təbii qazın ixracına imkan yaratdığı və Serbiyanın ölkəmizlə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğu ifadə edilib. Eyni zamanda Serbiyanın gələcəkdə Qara dəniz sualtı elektrik xətti layihəsinə qoşulma perspektivləri nəzərdən keçirilib. İki ölkənin enerji əməkdaşlığının inkişafı üçün enerji sahəsi üzrə müzakirələrin İşçi Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyi bildirilib.

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib: "Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük tərəqqinin şahidi oluram. Deyərdim ki, inanılmaz tərəqqini görürəm. Buna görə mənim dostum Sizi təbrik etmək istəyirəm. Bu tərəqqiyə görə Azərbaycan vətəndaşlarını təbrik etmək istəyirəm. Mən Sizin nailiyyətlərinizə görə sevinirəm".

Mustafa KAMAL,

"Respublika".