QAZİNİN TOYU EL ŞƏNLİYİNƏ ÇEVRİLDİ
Sosial həyat

QAZİNİN TOYU EL ŞƏNLİYİNƏ ÇEVRİLDİ

Vəliəhd Vəliyev 1998-ci ilin mart ayında Lənkəran rayonunun Bala Şürük kəndində dünyaya göz açıb. Lənkəran şəhər 1 saylı tam orta məktəbində oxuyub. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecini Yol hərəkətinin təşkili ixtisası üzrə bitirib. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində gizir rütbəsində xidmət edib.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək igidlik, şücaət, hünər göstərib. Döyüş zamanı ağır yaralanmasına baxmayaraq, düşmənlə axıra kimi vuruşub.

Lənkərana şəhidlik xəbəri çatıb. Lakin 36 gündən sonra sağ olduğu, düşmənin onun yaralı vəziyyətindən istifadə edərək əsir götürdüyü məlum olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin köməyi sayəsində 52 gün əsirlikdə qalan Vəliəhd Vəliyev azadlığa çıxıb. Nümunəvi hərbi xidmətləri "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülüb.

Bu günlərdə igid, qəhrəman qazinin toy mərasimi keçirilib. Gənc cütlük əvvəl Lənkəran şəhərinin Şəhidlər xiyabanında və Böyük Bazar qəbiristanlığında uyuyan şəhidlərin məzarlarını ziyarət edib. "Şəms" şadlıq sarayında keçirilən toyda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak edib.

Əsl el şənliyinə çevrilən mərasimdə icra başçısı Taleh Qaraşov çıxış edərək cənab Prezidentin şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı göstərdiyini, onları daim diqqətdə saxladığını, keçirilən toyun hamı tərəfindən böyük sevinclə, məmnunluqla qarşılandığını diqqətə çatdırıb. Gənclərə xoşbəxtlik, ailə səadəti arzulayıb. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına misilsiz qələbə və zəfər qazandığımızı, qazilərə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib. Dövlətimizin daim şəhid ailələrinin, qazilərin yanında olduğunu, onların sevincləri ilə sevindiyini, kədərlərinə şərik olduğunu bildirib. Ombudsman ailə quran gəncləri səmimi təbrik edib və xoş arzularını söyləyib.

Mərasimdə əsirlikdə olmuş qazi Amil Musayevin, idmançı Kamil Zeynallının, Azad Vətən Partiyasının sədri Akif Nağının, "Polad" TV-nin təsisçisi Minadi Mikayılovun, həmin televiziyanın cənub regionu üzrə rəhbəri Elnur Şükürovun və başqalarının təbrikləri səslənib. Yüksək coşqu ilə keçən toyda hamı Vəliyevlər ailəsinin sevincinə qoşulub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".