Qəbələ festivalında Bakı Musiqi Akademiyası müəllimlərinin konserti maraqla qarşılanıb
Mədəniyyət

Qəbələ festivalında Bakı Musiqi Akademiyası müəllimlərinin konserti maraqla qarşılanıb

XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə Xalq artistləri Murad Adıgözəlzadə (piano), Ülviyyə Hacıbəyova (piano), Elnarə Dadaşova (piano), Gülnaz İsmayılova (vokal), Əvəz Abdulla (vokal), Əməkdar artist Fəridə Məmmədova (vokal), Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev (piano), beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəfli (piano) Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, C.Puççininin “Edqar” operasından Frankonun ariyası, Soltan Hacıbəyovun “Adajio”, Əfrasiyab Bədəlbəylinin “Vals”, Ceyhun Allahverdiyevin “Nədəndir?”, “Dilbər”, İsmayıl Hacıbəyovun “Paqanini mövzusunda variasiyalar”, Fərhad Bədəlbəylinin “Şuşa xatirələri”, “Salam, dost”, S.Kardillonun “Katari”, Elnarə Dadaşovanın “Laylay”, “Sənə düşüb meylim” və digər əsərlər səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da açıq səhnədə tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq.

AZƏRTAC