Qəribsəmiş yurd yerləri bizi gözləyir
Digər xəbərlər

Qəribsəmiş yurd yerləri bizi gözləyir

Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahalıdır. Vaxt gələcək biz orada da yenidən yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq söyləyən Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki "Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq" sözləri ilə soydaşlarımızın doğma torpağa qayıtmaq inamlarını artırdı. Əsrlərlə davam edən, tarixin səhifələrində acı xatirələr kimi yazılmış bu ayrılığın ağrı-acısını yaşayan illərə xroniki nəzər salaq.

Rusiya ilə İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları arasında "erməni vilayəti" yaradıldı. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsinin yaşadığı İrəvan şəhəri də daxil edildi. Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan Qarabağa və Naxçıvana ermənilərin kütləvi yerləşdirilməsi prosesi başlandı. Məqsəd həmin ərazilərdə yaşayan yerli azərbaycanlıları ata-baba torpaqlarından çıxarmaq idi. Həmin dövrlərdə ermənilər "Qnçaq", "Daşnaksütyun", "Erməni vətənpərvərlər ittifaqı" təşkilatlarını yaratdılar.

Məkrli planlarını həyata keçirən erməni vandalları 1918-1920-ci illərdə Qərbi azərbaycanlılara qarşı soyqırımlar törətdilər. "Azərbaycanlılarsız Ermənistan" siyasətinin həyata keçirilməsi nəticəsində aborigen əhali olan soydaşlarımız İrəvan, Göyçə, Zəngibasar, Amasiya, Dərələyəz və digər azərbaycanlılar yaşayan ərazilərdən mərhələ-mərhələ qovulub çıxarıldılar.

1920-ci ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə müzakirələrə başladılar. Qədim türk şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsənbəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı, 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistan paytaxtı olmasına səs verdikdə Həsənbəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan torpağı İrəvan ətrafındakı 9 min kvadratkilometr ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verildi.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan daşnak hökuməti Qərbi azərbaycanlıların qanına susamışdı. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdu. 1920-ci ilin əvvəllərinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanına çevrildi. 1919-cu ilin noyabr-dekabr aylarında Türkiyə və İrana Qərbi Azərbaycandan 250 minə qədər qaçqın getmişdir.

1948-1953-cü illərdə ermənilərin həyata keçirdikləri deportasiya daşnakların Qərbi azərbaycanlıların doğma torpaqlarından çıxarılması prosesinin növbəti mərhələsi kimi tarixə yazıldı. Ermənilər 1943-cü ildə keçirilən Tehran konfransı zamanı o illərdə SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin sovetlər birliyinə köçürülməsini xahiş etdilər. Bu təklifi müsbət dəyərləndirən SSRİ-nin rəhbəri İosif Stalinin razılığı ilə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsası qoyuldu. 1948-1952-ci illərdə 150 min azərbaycanlı doğma torpaqlarından deportasiya olundu. Əsasən dağ rayonlarından olan soydaşlarımız köçürülmə əməliyyatları nəticəsində aran zonasının isti iqliminə tab gətirməyərək həyatdan köçdülər.

1988-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti, ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantüasından istifadə edən faşist xislətli ermənilər Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin mövcud olması pərdəsi altında etnik dövlət siyasətini davam etdirdilər. Kütləvi qətllər törətməklə azərbaycanlıların yaşadıqları kəndləri dağıtdılar. 70 nəfər soydaşımızın qətli ilə nəticələnən Quqark faciəsi, Basarkeçərdə, Masisdə, Kalininoda, Qacaranda, Qafanda, Kirovokanda, Gorusda, Sisyanda, Amasiyada da qırğınlara səbəb oldu. 300 minə yaxın soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur edildi.

Azərbaycan Prezidenti İlham Əliyev 24 dekabr 2022-ci ildə bir qrup Qərbi azərbaycanlılar ilə görüşündə vurğuladı ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə xalqımıza göstərilən ədalətsizliyi dünya ictimaiyyətinə çatdıracaq, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı reallaşcaq. Əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır.

Dünyanın hər yerində yaşayan Qərbi azərbaycanlılar əmindirlər ki, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın müddətdə daşnak quldurlar tərəfindən işğal olunmuş ərazilərimiz azad olunduqdan sonra Qərbi Azərbaycandakı tarixi torpaqlarımıza da dönüş başlanacaqdır. O gün heç də uzaqda deyil...

Mən əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Qoşabulaq kəndindənəm. Doğma yurdun həsrəti ilə qovrulub yanıram. İstəyirəm ki, köç karvanlarına qoşulum, günlərin birində aşıqlar yurdu Göyçə mahalına - "Abbasbəy" yaylağına, Göyçə gölünün nəğməli sahillərinə qayıdım...

Akif GÜLMƏMMƏDOV,

Azərbaycanlılar Konqresi Ali Məclisinin sədri, Ukraynanın Əməkdar energetiki.