Qubadlı inkişaf edərək cənnətə çevriləcək
Region

Qubadlı inkişaf edərək cənnətə çevriləcək

Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan ordusu Vətən müharibəsinin 29-cu günündə Qubadlı şəhərini işğaldan azad etdi. Qubadlı döyüşləri son dərəcə ağır və çətin şəraitdə keçdi. Çünki Ermənistanın təcavüzkar hərbi-siyasi rəhbərliyi yaxşı bilirdi ki, düşmənə aman verməyən ordumuz işğal altında saxladığı bütün torpaqlarımızı tezliklə azad edəcək. Bu səbəbdən də, Ermənistan silahlı qruplaşmaları Qubadlı rayonunun ərazisində güclü istehkamlar qurmuşdular. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra düşmən ordusu böyük qorxu və həyəcan içində idi.  Yenilməz ordumuz bütün gücünü və peşəkarlığını döyüş meydanında nümayiş etdirərək Ermənistan ordusunu bu istiqamətdə də məhv etdi. 2020-ci ilin oktyabrın 25-də  bir sıra yüksəkliklər və Qubadlı şəhəri azad edildi.

Qubadlı rayonunun azad olunması üçün keçirilən hərbi əməliyyatların mühüm əhəmiyyət kəsb etdiyinə toxunan Prezident, Ali Baş Komandan İlham Əliyev rayon sakinləri ilə görüşündə demişdir: “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”.

Əslən Qubadlı rayonundan olan Milli Qəhrəman şəhid Şükür Həmidovun atası Nəriman Həmidov bizimlə söhbətində bildirdi ki, 2020-ci il sentyabr ayının 27-də mənfur düşmən yenidən torpaqlarımıza hücum etdi və Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Artıq Azərbaycan tək cəbhədə, ön xətdə deyil, həm də arxa cəbhədə Prezidentimizin dəmir yumruğu altında birləşdi. Torpaqlarımızın azadlığı üçün hər kəs canını fəda etməyə hazır olduğunu bildirdi. Biz həmin gün öz birliyimizi bütün dünyaya çatdırdıq. Bildirdik ki, bu xalq bir olduğu müddətdə heç bir qüvvə Azərbaycan torpaqlarını mənimsəyə bilməz. Cəbhədən gələn qələbə xəbərləri hamıda böyük inam hissi yaratmışdı. Azərbaycan Ordusu torpaqlarımızı ermənilərin tapdağından azad edirdi. İllərin həsrətinə son qoyulurdu. 2020-ci il oktyabrın 25-də ordumuz Qubadllı rayonunda bayrağımızı dalğalandırdı. Oğlum Şükür Həmidov oktyabr ayının 22-də doğulduğu torpaqda şəhidlik zirvəsinə ucaldı. 

Qubadlının azad olunmasından sonra  Prezident İlham Əliyev 2021-ci il oktyabr ayının 25-də Qubadlı rayonuna səfər etdi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Mən də bu görüşdə iştirak etdim və şəhidlərimiz böyük ehtiramla yad edildi. Prezident Şükür Həmidovun gənclərə, gələcək nəslə bir örnək olduğunu vurğuladı. Bildirdi ki, Şükür Həmidov bizim əzizimizdir.

Respublika Prezidentinin göstərişinə əsasən artıq Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər görülür, yeni-yeni layihələr həyata keçirilir. Rayon Cəbrayıldan sonra Şərqi Zəngəzur iqtisadi zonasında ən çox əkin sahələrinə sahib olan bir ərazi olduğu üçün ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna rolu ilə seçilir. Belə ki, 11 min hektar əkin sahəsi olan Qubadlıda torpaqların dövriyyəyə daxil olması iqtisadi inkişafımıza müsbət töhfəsini verəcək. Eyni zamanda, rayon böyük turizm potensialına, iqtisadi resurslara və faydalı qazıntılara malikdir. Azərbaycanın ən böyük su ehtiyatlarından biri olan Həkəri və Bərgüşad çayı məhz Qubadlıdan keçir. Bu cür bolsulu çayları olan rayonda kənd təsərrüfatını inkişaf etdirmək çox rahatdır.

Bir il əvvəl – 25 oktyabr 2021-ci ildə rayon sakinləri ilə Qubadlıda görüşən Prezident İlham Əliyev bu ərazidə də törədilən erməni faşizminin əməllərini konkret faktlarla sübut edərək demişdir: “Amma biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq”.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq rayonda yol infrastrukturu da xeyli genişləndirilib. Əvvəllər Qubadlı-Laçın yolu ikizolaqlı, bəzi yerlərdə isə  birzolaqlı olduğu halda indi dördzolaqlı geniş yollar çəkilir. Bu yollar həm də ölkədə quruculuq işlərinin geniş şəkildə həyata keçirildiyini təsdiqləyir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 19-da Qubadlı rayonuna növbəti dəfə səfər edərək həyata keçirilən layihələrlə tanış oldular. Prezident rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarında aparılan işlərlə tanışlıqdan sonra “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Birinci xanımla birlikdə Qubadlı şəhərinin Baş planı ilə tanış olan dövlət başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

Bu gün Qubadlıda aparılan bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir və bu isə rayonun yaxın gələcəkdə cənnətə çevriləcəyini təsdiqləyir.

Mikayıl NƏRİMANOĞLU,

“Respublika”.