Qürurla anırıq: Aqil Musayev
Sosial həyat

Qürurla anırıq: Aqil Musayev

Azərbaycan xalqı tarixin bütün dönəmlərində faşist xislətli erməni quldurlarının vəhşilikləri ilə üzləşmişdir. Mərd oğullarımız  daşnakların vətənimizə xaincəsinə təcavüzü zamanı qəhrəmanlıq göstərmiş, hər qarış Vətən torpağını göz bəbəyi kimi qorumuşlar. Birinci Qarabağ savaşında da cəsur, mübariz oğullarımız səngərlərdə inamla vuruşmuş, daşnak quldurlara sarsıdıcı zərbələr endirmiş, ağır döyüşlərdə neçə-neçə igidlərimiz şəhidlik zirvəsinə yüksəlmişdir.

Bu yazıda biz adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Aqil Musayevin həyat və rəşadətli döyüş yolundan söhbət açacağıq.

Aqil Hüseyn oğlu Musayev 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır.

Məktəb illərində Aqil çalışqanlığı ilə sinif yoldaşlarından fərqlənir, idmana böyük həvəs göstərir, dərslərinə hazırlığı müəllimləri razı salırdı.

1991-ci ildə orta məktəbi bitirən Aqil təhsilini 117 saylı texniki peşə məktəbində davam etdirmiş, sürücü peşəsinə yiyələnmişdir.

1993-cü il mayın 18-də Aqil Musayev ordu sıralarına çağırılmış, hərbi xidmət zamanı əsgər və zabitlərin hörmətini qazanmışdı. Qəlbi həmişə erməni quldurlarından qisas almaq eşqi ilə döyünən Aqil çox keçmədən 777 saylı hərbi hissənin tərkibində cəbhəyə yollandı. İlk döyüşü Ağdam bölgəsində oldu. O, hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi –torpaqlarımızı tezliklə nankor ermənilərin tapdağından təmizləmək. Döyüşlərdə şəxsi igidlik göstərir, səngərlərdə yağı düşmənin başına od ələyir, rəşadətlə vuruşurdu.

A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdiк. Komandanlıq tərəfindən verilmiş döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən Aqil Füzuli istiqamətində gedən döyüşlərdə yaralandı. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə, döyüş yoldaşlarının yanına qayıtdı.

Aqil böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu.

Qazax rayonu Əzizbəyli kəndindəki Şəhidlər Xiyabanında dəfn edildi.  

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Tarixin səhifələri vərəqlənəndə aydın nəzərə çarpır ki, Qazax mahalı həmişə igid, cəsur oğullar yetişdirmişdir. Bu yurdun Koroğlu, Babək qeyrətli oğullarından biri də qəhrəman döyüşçü Aqil Musayev idi. Gənclərin and yerinə çevrilən Aqil həmişə xatirələrdə yaşayacaqdır.

Qədir ASLAN,
“Respublika”.