Rafiq Nəsrəddinov
Sosial həyat

Rafiq Nəsrəddinov

Respublikamızda Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə daim hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan igidlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinovdur. Onun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycan xalqı Rafiq Nəsrəddinovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır. Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Rafiq qısa, lakin çox dəyərli ömür yaşamışdır.

Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Nəsrəddinov Rafiq Hüseyn oğlu 18 mart 1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-1978-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur. 1982-ci ildə Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirərək Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilir. Rafiq 1987-ci ildə bir zabit kimi Səbail Rayon Hərbi Komissarlığı tərəfındən Milli Ordu sıralarına çağırılır. Cəbhəyə gəldiyi ilk gündən özünü təcrübəli zabit kimi göstərmişdir. Rafiq döyüş dostları arasında böyük hörmət qazanmışdı. Təcrübəli döyüşçü olması cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoyur. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank bölüyünün qərargah rəisi vəzifəsinə təyin edilir. O, Ağdərə rayonunun bir sıra kəndlərinin erməni işğalından təmizlənməsində yaxından iştirak edərək dəfələrlə qəhrəmanlıq nümunəsi göstərir.

Rafiq əslən Quba rayonunun Alpan kəndindəndir. Bakıda anadan olsa da Qubaya, Alpana bağlı insan olub, tez-tez rayona gəlib Alpandakı qohumlarına baş çəkərdi. Həyat yoldaşı Sevil xanım Rafiq haqqında xatirələrini danışarkən onun çox qohumcanlı, millətsevər bir insan olduğunu da bildirdi: "Rafiqlə yaşadığımız beş ildə onun Vətənə, torpağa bağlı bir insan olduğunu gördüm. Rafiq Azərbaycanın hər bir guşəsini sevirdi. Onun ata yurdu olan Qubaya, Alpana sevgisini həmin kəndə getdiyimdə hiss etdim. Rafiq bu kənd haqqında bildiklərini mənə danışarkən onun nəsil-kökünə necə bağlı bir insan olduğunu hiss etmişdim. Baxmayaraq ki, o bu kənddə yaşamamışdı, amma daxilində yaşatdığı vətən, xalq sevgisini, ata-baba yurdu olan Qubaya, Alpana olan sevgisi timsalında izhar edirdi. O, Alpan kəndində yaşayan əmisi və qohumları ilə tez-tez əlaqə saxlayırdı. Təəssüflər olsun ki, bizləri çox tez tərk etdi…".

Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşaraq, qəhrəmanlıqla həlak olur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilir. Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Oxuduğu 39 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuş, yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə rejissor Könül Kərimovanın quruluşunda "Şəhidliyin zirvəsi" adlı sənədli film Milli Qəhrəman Rafiq Nəsrəddinova həsr olunub. Hazırda Rafiqin Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında şəxsi əşyaları nümayiş olunur.

M.MİRZƏ,

"Respublika".