“Rəşadət
Digər xəbərlər

“Rəşadət" ordeni şəhidin atasına təqdim olundu

İmişli Rayon İcra Hakimiyyətində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Mehdiyev Əhliman Rəhman oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu 3-cü dərəcəli "Rəşadət" ordeni təqdim edildi. Təqdimat mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları və şəhidin ailə üzvləri iştirak etdilər.

Əhliman Mehdiyev 2002-ci il may ayının 17-də İmişli rayonunun Məzrəli kəndində anadan olub. Vətən müharibəsi zamanı Murovdağın alınmasında iştirak edib, həmin istiqamətdə gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Mehdiyev Əhliman Rəhman oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Təqdimat mərasimində RİH başçısı Elçin Rzayev şəhidimizə Allahdan rəhmət diləyib, Əhliman kimi qəhrəman oğullarımızın vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduğunu bildirdi. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərin vaxtında həllinə nail olunmasıdır. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Rayon rəhbəri Vətənə layiqli oğul böyütdüklərinə görə şəhidimizin ailəsinə minnətdarlığını bildirdi. Çıxış edənlər qeyd etdilər ki, xalqımızın "Dəmir yumruq" ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əhliman Mehdiyevin ölümündən sonra layiq görüldüyü "Rəşadət" ordenini RİH-in başçısı Elçin Rzayev atası Rəhman kişiyə təqdim etdi. Şəhidimizin ailə üzvləri övladlarının xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Ərəstun ABDULOV,

"Respublika".