RESPUBLİKA-ya cavab verirlər
Digər xəbərlər

RESPUBLİKA-ya cavab verirlər

Azərbaycan dövlətinin əhalinin sosial-maddi durumunu, həyat və iş şəraitini daha da yaxşılaşdırmaq baxımından fundamental irəliləyişə nail olmasına rəğmən, bəzi bölgələrdə, qəsəbə və kəndlərdə mərkəzi və yerli icra hakimiyyətlərinin, bəzi məmurların laqeydliyi, səhlənkarlığı ucbatından müəyyən sosial problemlər hələ də qalmaqdadır. Həmin problemlər əhalini narahat edir, onlar qəzetimizə müraciət edərək bu çatışmazlıqların tənqid olunmasını və cavabdeh qurumların nəzərinə çatdırılmasını xahiş edirlər.

"Respublika" qəzeti həyatın müxtəlif sahələrində mövcud olan problemlərlə bağlı tənqidi yazılara öz səhifələrində geniş yer ayırır. Müxbirlərimiz rastlaşdıqları neqativ halları işıqlandırmaqla müvafiq qurumların diqqətini məsələnin müsbət həllinə istiqamətləndirməyə nail olurlar. 

Sevindirici haldır ki, əlaqədar qurumlar tənqidi çıxışlara biganə qalmır, problemlərin həlli yollarını axtarır, araşdırır və gecikməyə yol vermədən  qəzetimizə cavab yazırlar. Aldığımız belə cavablardan bir neçəsini olduğu kimi dərc edirik.

 

"Respublika" qəzetinin 2022-ci il 21 dekabr tarixli sayında dərc edilmiş "Dağ rayonunun səhiyyə qayğıları" sərlövhəli məqalədə qaldırılan məsələlərlə bağlı aşağıdakıları bildiririk:

Hazırda "Lerik Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs, eləcə də kəndlərdə fəaliyyət göstərən tibb müəssisələri üzrə 45 həkim və 56 orta tibb işçisi çatışmır, o cümlədən dermato-veneroloq, uroloq, psixiatr, infeksionist, terapevt, pediatr, otorinolarinqoloq ixtisaslı həkim-mütəxəssislərə ciddi ehtiyac vardır.

2022-ci ildə tibb işçilərinin çatışmazlığının aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülmüş, həkim-anestezioloq, cərrah, uzman otorinolarinqoloq, USM həkimi ilə müqavilələr bağlanılmaqla yeni həkim-mütəxəssislər işə cəlb edilmişlər. Bundan əlavə, 5 orta tibb işçisi işə qəbul edilmişdir.

Vakant vəzifələr və çatışmayan həkim-mütəxəssislər haqqında məlumatlar "Lerik Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə təqdim edilmişdir. Tibb işçilərinin çatışmazlığının aradan qaldırılması istiqamətində 2023-cü il ərzində də zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Əkbər ABBASOV,

Lerik Rayon İcra Hakimiyyətinin başçısı.

 

Tovuz rayonunun  Ağdam kəndi Ermənistanla dövlət sərhədində yeləşən kəndlərimizdən biridir. Məlumunuz olduğu kimi, 2020-ci ilin iyul ayında Ermənistan tərəfindən rayonun Ağdam kəndi istiqamətində təxribat törədilmiş, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində həmin təxribatın qarşısı uğurla alınmışdır. Düşmən tərəfindən kiçik və iriçaplı silahlardan atılan atəşlər nəticəsində kənddə bir çox inzibati məntəqələr və yaşayış evləri ziyan görmüşdür. Ağdam kəndində yerləşən uşaq bağçasında qüsurların bir qismi də bu səbəbdən yaranmışdır.

 Bildirmək istəyirik ki, kənddəki ümumi və məktəbəqədər təhsil müəssisələrinin binalarında əsaslı təmir işlərinin aparılması məqsədilə mütəxəssislər cəlb edilmiş, lazımi sənədlər hazırlanmış və aidiyyəti orqanlara təqdim edilmişdir. Ağdam kənd uşaq bağçası daxil olmaqla həmin müəssisələrin təmiri məsələsi "Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcəkdir.

Təranə BAYRAMOVA,

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini.

 

"Respublika" qəzetinin 2022-ci il 02 dekabr tarixli sayında "Təbii qaza möhtac kəndlər" sərlövhəli məqalə dərc olunub.

Məqalədə Yardımlı rayonunun 73 kəndində qaz təchizatı ilə bağlı yaranan problemlər haqqında faktlar öz əksini tapıb.

Qaldırılan problemlərin həlli istiqamətində Yardımlı rayonu üzrə ümumilikdə 88 yaşayış məntəqəsindən 15-i, yəni 17%-i qazlaşdırılmışdır. Qazlaşdırılmış yaşayış məntəqələri üzrə hazırda 3281 abonent təbii qazla təmin edilir ki, bu da rayon üzrə olan 8632 evin 38%-i deməkdir. Qalan 73 yaşayış məntəqəsindən Çayüzü, Ostayır və Perimbel kəndlərində hazırda işlər davam edir. Bu kəndlərdə iş tamamlandıqdan sonra daha 502 abonent təbii qazla təmin ediləcək və qazlaşma faizi 44% olacaqdır. Eyni zamanda Çayüzü, Şəfəqli, Perimbel istiqamətində yeraltı polietilen borularla daşıyıcı qaz kəməri çəkilir.

Daha 2 kəndin, Şəfəqli və Nisəqala kəndlərinin də qazlaşdırılması işlərinə cari ildə başlanılması nəzərdə tutulmuşdur. Digər kəndlərin qazlaşdırılması gələcəkdə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq mərhələli şəkildə aparılması mümkün olacaqdır.

Əfsanə MƏMMƏDOVA,

Yardımlı Rayon İcra Hakimiyyəti

başçısının müavini.