Rusiya səhiyyə naziri Seçenov Universiteti Bakı filialının Təlim və Simulyasiya Mərkəzində olub
Səhiyyə

Rusiya səhiyyə naziri Seçenov Universiteti Bakı filialının Təlim və Simulyasiya Mərkəzində olub

Azərbaycanda səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının bazasında fəaliyyət göstərən Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Seçenov Universitetinin Bakı filialının Təlim və Simulyasiya Mərkəzi gələcək həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb.

Diqqətə çatdırılıb ki, Təlim və Simulyasiya Mərkəzi praktik təlim və əldə edilmiş bacarıq və qabiliyyət səviyyəsinin qiymətləndirilməsi üçün ən müasir texnologiyalara malikdir. Simulyasiya Mərkəzinin işçiləri xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanıblar.

Daha sonra rusiyalı nazir mərkəzin endoskopiya, UZİ, ginekologiya, reanimasiya, ilk yardım və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin keçirdikləri manipulyasiyaları izləyib.

Təlim və Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnun olduğunu bildirən Rusiyanın səhiyyə naziri Mixail Muraşko mərkəzin kollektivinə uğurlar arzulayıb.

AZƏRTAC