Samir Zülfüqarov
Sosial həyat

Samir Zülfüqarov

Samir Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda dünyaya göz açmışdır. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü ildə Şabran rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə "N" saylı hərbi hissədə silahlardan istifadə qaydalarını öyrənir. Vətəni canından əziz tutan bu gənc əsgər hərbi xidmətini şərəflə yerinə yetirir və bundan qürur duyurdu. Nizam-intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər mənzuniyyətini yarımçıq qoyaraq döyüşçü dostlarının yanına qayıdır. Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Xalq həyəcan içində idi. Milli Ordumuz isə dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı. Həmin gün Samir də öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirdi.

Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu hadisələrlə əlaqədar ulu öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan Dövlət Televiziyası və Radiosu ilə tarixi müraciətində vətənimizə, müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı.

1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci ilin mart hadisələri zamanı ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın əvəzolunmaz liderinə olan inamı dövlət çevrilişinin qarşısının alınmasında başlıca amillər oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini dəstəkləməsi nəticəsində dövlət çevrilişi cəhdlərinin qarşısı uğurla alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

Mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələr hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Buna görə də, cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı və xalq xəyanətkar, cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermirdi. Beləliklə də, 1995-ci il mart ayının 17-də ulu öndər Heydər Əliyev və xalq birliyi nəticəsində dövlət çevrilişinin qarşısı alındı.

Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edir. O, ömrünün ən gözəl bir zamanında, dövlətçiliyimiz, suverenliyimiz uğrunda gənc ömrünü qurban verdi. 17 mart 1995-ci il Samir əbədiyyətə qovuşdu. Şabran rayonunun Ağbaş kəndində dəfn edilib. Rayonun 3 saylı orta məktəbi onun adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimizin müdafiəsində vətənpərvər oğullarımız yaddaşlarda əbədi yaşayacaqlar.

M.CƏFƏROV,

"Respublika".