Şanlı zəfər yolu
Siyasət

Şanlı zəfər yolu

1987-ci ilin yayında ümummilli lider Heydər Əliyevin o dövrdə mövcud SSRİ rəhbərliyində tutduğu vəzifədən tam haqsız və ədalətsiz olaraq uzaqlaşdırılmasından sonra respublikamızda vəziyyət ağır və mürəkkəbləşmiş vəziyyətə düşməyə başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və SSRİ vaxtında rəhbərlikdə olduğu dövrlərdə Azərbaycana qarşı heç bir vaxt ərazi iddiaları ilə çıxış edə bilməyən erməni millitaristləri belə bir vəziyyətdən istifadə edərək əsrin əvvəllərindən başlanmış ərazi iddialarını sovet rəhbərliyinin razılığı və dəstəyi ilə yenidən ortalığa atmaqla gündəmə gətirdilər.

Eyni zamanda, həmin dövrdə SSRİ rəhbərliyi respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran Azərbaycan xalqına divan tutmaq yolunu seçdi. Belə ki, 1990-cı il yanvarın 20-də dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Həmin faciədən dərhal sonra xalqımızın böyük oğlu Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, burada təşkil olunan etiraz yığıncağında iştirak etmiş, 20 Yanvar faciəsinə siyasi qiymət verərək mərkəzin və respublika rəhbərliyinin hüquqa, demokratiyaya və humanizmə zidd olan əməllərini ifşa etmişdir. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisində Heydər Əliyevin təşəbbüsü ilə verildi.

Bütövlükdə, Azərbaycan müstəqilliyini 1991-ci ildə elan etsə də, xarici təsirlərdən qurtara bilmir, dövlət idarəetmə sistemini formalaşdıra bilmirdi. Keçmiş sovet dövlət idarəetmə sistemindən miras qalmış siyasi-iqtisadi idarəçiliyin kökündən dəyişməsi, Azərbaycanı daim asılı görmək istəyən xarici, habelə hakimiyyətdə möhkəmlənməyə, həm də iqtidara gəlməyə çalışan müxtəlif siyasi yönümlü daxili qüvvələrin pozucu fəaliyyəti müstəqilliyin reallaşmasına, milli dövlətçiliyin bərpa olunmasına çox ciddi əngəllər törədirdi. Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalmışdır. Bir tərəfdən də özbaşınalıq, bir-birini əvəz edən hakimiyyət çevrilişləri, iqtisadiyyatın dağılması torpaqlarımızın işğalı vəziyyətini bir az da mürəkkəbləşdirmişdir. Əgər əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay idisə, belə bir vəziyyətdə müstəqil Azərbaycanın ömrü daha qısa ola bilərdi.

Belə bir vəziyyətdə tarixi sınaq qarşısında qalmış xalqımız öz nicatını, qurtuluşunu Heydər Əliyevdə gördü. Çünki milli dövlətçiliyimizi məhvolma təhlükəsindən yalnız ümummilli lider xilas edə bilərdi. O dövrdə acizliyini dərk edən iqtidarın təkidi və xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən gələrək hərbi müxalifəti neytrallaşdırdı, vətəndaş müharibəsinin və ölkənin parçalanmasının qarşısını aldı, Azərbaycanın dövlət müstəqilliyini istəməyən daxili və xarici qüvvələrin dəstəyi ilə 1994-cü ilin oktyabr, 1995-ci ilin martında dövlət çevrilişlərinin, digər təxribat və prezidentə qarşı terror cəhdlərinin qarşısı qətiyyətlə alındı, bütün qeyri-qanuni silahlı qüvvələr zərərsizləşdirildi, orduda ciddi islahatlar keçirildi. Prezident Fərmanı ilə 1994-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı və elə həmin ayın 23-də “Müdafiə haqqında” Qanun qəbul edildi. 1994-cü il yanvarın 5-də Azərbaycan ordusu uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsini və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazilərinin bir hissəsini düşməndən azad etdi.

Milli ordunun formalaşdırılması, bütün siyasi və diplomatik vasitələrin işə salınması nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində mühüm əhəmiyyət kəsb edən atəşkəs əldə olundu, ölkədə hakimiyyət boşluğu aradan qaldırıldı, siyasi sabitlik yarandı. Bununla da, ordu quruculuğu prosesinin tamamlanması, Azərbaycanın böyük iqtisadi potensialının səfərbər olunması, daxili və xarici siyasət kursunun müasir beynəlxalq hüququn prinsiplərinə uyğunlaşdırılması, dövlətlərarası əməkdaşlığın formalaşdırılması, hüquqi dövlət quruculuğu istiqamətində dövlət-hüquqi tədbirlərin görülməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün münbit şərait yaradıldı. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider kimi əbədilik qazanan Heydər Əliyevin rəhbərliyi ilə əsrə bərabər 10 il ərzində Azərbaycan böyük və uğurlu inkişaf yolu keçdi, onun gərgin əməyi və qətiyyəti sayəsində ölkədə siyasi sabitlik bərqərar oldu, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Azərbaycan mühüm universal və regional beynəlxalq təşkilatların üzvü oldu, əksər dövlətlərlə qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələr bağlandı. Beləliklə də ümummilli liderin həyata keçirdiyi geniş və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl qoyuldu ki, bu da Ermənistanın məğlubiyyətini şərtləndirən yeni zəfər yolunun başlanğıcı idi.

2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkiləri Heydər Əliyev siyasi kursunun növbəti təntənəsi ilə başa çatdı, Azərbaycan xalqı böyük həmrəyliklə ümummilli liderin siyasi varisi cənab İlham Əliyevi özünə rəhbər seçməklə mühüm uğur və nailiyyətlərin möhkəm təməlini qoydu. Yeni seçilmiş Prezident qarşısında ulu öndərin vəsiyyəti olaraq torpaqlarımızın bərpa olunması kimi yeni bir tarixi missiya dayanırdı və Azərbaycan zamanı yetişən kimi düşməni öz torpaqlarından qovub çıxarmalı idi və bunun üçün güclü maddi-texniki baza və hərbi biliklərə yiyələnən insan resurslarına əsaslanan güclü ordu formalaşdırmalı idi. Bundan başqa, ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, hərbçilərimizin döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələri idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli lider siyasətinə sadiqlik ruhunda düzgün və hərtərəfli işlənib hazırlanmış strategiyası sayəsində nəhayət ki, Azərbaycan xalqı Ermənistanın 30 illik işğalçılıq siyasətinə 44 gündə son qoyaraq öz ərazi bütövlüyünə qovuşdu. Tarix bir daha təsdiq etdi ki, ancaq xalqa söykənən lider tarixdə dönüşlər yarada və bütün çətinliklərin öhdəsindən layiqincə gələ bilər. Elə bunun nəticəsidir ki, xalq-hakimiyyət birliyi sözün əsl mənasında dəmir yumruq təcəssümündə Ali Baş Komandan İlham Əliyev şəxsiyyətində, müzəffər ordumuzun qüdrəti ilə xalqımızın şanlı qəhrəmanlıq salnaməsini ucaltdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi, “biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq və bu gün isə əsas vəzifə azad edilmiş torpaqlarda möhkəmlənmək, yenidənqurma və bərpa işləri aparmaq, keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaqdır”.

Ümumilikdə isə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbə bir sıra amillərlə izah oluna bilər.

Bu, ilk növbədə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə məharəti, öz xalqı ilə vəhdətdə olan liderlik şəxsiyyəti ilə bağlıdır. Belə fəaliyyətin tərkib hissəsi kimi informasiya müharibəsində əldə edilmiş nailiyyətlər qeyd edilməlidir. Cənab Ali Baş Komandan 44 günlük müharibə dövründə “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında verilişə, “Əl-Cəzirə” televiziya kanalına, “Əl-Ərəbiyə” televiziya kanalına, Türkiyənin “TRT Haber” televiziya kanalına, Rusiyanın “Pervıy Kanal” televiziyasına, “CNN Türk” televiziya kanalına, “Euronews” televiziya kanalına, “CNN İnternational” televiziya kanalının “Connect The World” verilişinə, “SKY NEWS” televiziya kanalına, Rusiyanın RBK televiziya kanalına, Türkiyənin “Haber Global” televiziya kanalına, Türkiyənin “Haber Türk” televiziya kanalına, “France 24” televiziya kanalına, Türkiyənin NTV televiziya kanalına, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə, Türkiyənin “A Haber” televiziya kanalına, Rusiyanın TASS informasiya agentliyinə, Yaponiyanın “Nikkei” qəzetinə, Fransanın “Figaro” qəzetinə, ABŞ-ın “FOX News” televiziya kanalına, İtaliyanın “RAİ-1” televiziya kanalına, Rusiyanın “İnterFaks” agentliyinə, Almaniyanın ARD televiziya kanalına, İtaliyanın “La Republica” qəzetinə, İspaniyanın EFE informasiya agentliyinə və digər informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr verməklə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqla informasiya müharibəsində əsaslı dönüş əldə edilmişdir.

İkincisi, iqtisadi güc faktorudur. Cənab İlham Əliyevin də dediyi kimi, “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı”.

Üçüncüsü, daxili vəhdət, milli birlik, vahid amal uğrunda həmrəylik; güclü siyasi iradə, xalq-iqtidar birliyi. Elə bunun nəticəsidir ki, orduda ruh yüksəkliyi hökm sürmüş, ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanmışdır.

Dördüncüsü, beynəlxalq səviyyədə əldə edilmiş nailiyyətlər. Belə ki, beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin ciddi şəkildə pozulması ilə müşayiət edilən Ermənistanın hərbi işğalı amilini, Azərbaycan Respublikasının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş soyqırımı cinayətlərini (buna görə də İslam Əməkdaşlığı Təşkilatı, bir sıra dünya dövlətləri (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya Haşimilər Krallığı, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Qvatemala Respublikası, Honduras Respublikası, Panama Respublikası, Peru Respublikası, Sudan Respublikası, Paraqvay Respublikası və s.), eləcə də ABŞ-ın bir sıra ştatları (Arizona, Arkanzas, Konnektikut, Corciya, Havay, İndiana, Men, Massaçusets, Nebraska, Missisipi, Nyu-Cersi, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennesi, Texas, Yuta, Qərbi Virciniya və s.) öz hüquqi-siyasi mövqeyini əks etdirərək, Xocalıda törədilən cinayətləri “soyqırımı” kimi tanımışlar), Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ətraf mühit əleyhinə törədilmiş, dini, təhsil, incəsənət və elmi müəssisələrin, habelə tarixi abidələrin, incəsənət və elmi əsərlərin, bir sözlə, mədəni mülkiyyətin ələ keçirilməsi, məhv edilməsi, yaxud onlara qəsdən zərər vurulması, Ermənistanın işğal etdiyi ərazilərə özünün mülki əhalisinin bir hissəsini köçürməsi, hərbi zərurətlə əlaqədar olmayan əmlakın qanunsuz, lüzumsuz və genişmiqyaslı məhvi və mənimsənilməsi ilə nəticələnən müharibə cinayətlərini, müasir dövrdə beynəlxalq cinayətlərin tərkib hissəsini təşkil edən insanlıq əleyhinə cinayətləri, azərbaycanlılara və Azərbaycan Respublikasına qarşı terrorçuluq əməllərinin beynəlxalq hüquqi əsaslarının işlənib hazırlanması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm diplomatik fəaliyyət həyata keçirmiş, bunun nəticəsi olaraq bir sıra mühüm beynəlxalq sənədlər qəbul olunmuşdur. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə: 1993-cü ildə 822 (30 aprel), 853 (29 iyul), 874 (14 oktyabr), 884 (12 noyabr) saylı qətnamələr qəbul edilmişdir. Təhlil olunan vəziyyətlə bağlı digər beynəlxalq təşkilatların sənədlərini də qeyd etmək yerinə düşərdi: İslam Konfransı Təşkilatının (hazırkı İslam Əməkdaşlığı Təşkilatı) Xarici İşlər Nazirləri Şurasının “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” 1994-cü il tarixli 11/22P saylı Qətnaməsi və 1995-ci il tarixli 11/23P saylı Qətnaməsi; BMT Baş Məclisinin “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyət haqqında” 15 mart 2008-ci il tarixli Qətnaməsi; 2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 1690 (2005) saylı Tövsiyə və 1416 (2005) saylı Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının 2016-cı il tarixli “Azərbaycan Respublikasının sərhəd rayonlarının sakinlərinin sudan qəsdən məhrum edilməsi haqqında” 2085 saylı Qətnaməsi və s. qeyd edilməlidir.

Beşincisi, Ordu quruculuğu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “bu 17 il ərzində işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik siyasi səylər göstərilməlidir və biz buna da nail olduq”. Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.

Beləliklə də qeyd etmək olar ki, Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı kimi tarixə düşən bu şanlı zəfər yolu bir daha təsdiq etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövləti ən yüksək inkişaf zirvəsinə çatmışdır və xalq-hakimiyyət birliyi yenilməzdir. Həmçinin Azərbaycan xalqı bu şanlı zəfərlə dövlətçilik tariximizdə qəhrəmanlıq nümunəsi yaratdı, dövlətimizin qüdrətini, ordumuzun şücaətini dünyaya nümayiş etdirdi. Zəfər yolunun əhəmiyyəti ondan ibarətdir ki, işğal faktını aradan qaldırdı, separatizmin məhvinə nail oldu, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi". Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan BMT-nin uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yazdı, dünyada yeni nümunə yaratdı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etməsi BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.

Zəfər yolunun digər mühüm əhəmiyyəti onunla bağlıdır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin bərpası istiqamətində Ermənistanın heç bir vəchlə geri çəkilməsi mümkün olmayan öhdəlikləri barədə Bəyanat imzalandı ki, bu da bir əsrdən artıq ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya açan strateji yol kimi Avropa və Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək və bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Bütövlükdə isə əldə edilmiş nailiyyətlər Azərbaycanın daha da inkişaf etdirilməsi, regionda sülh və birgəyaşayış qaydalarının təmin olunmasına əsaslı zəmin yaradacaqdır.

Şəhriyar ƏLİYEV,

Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin hakimi, hüquq elmləri doktoru.