Şəhid həkim
Sosial həyat

Şəhid həkim

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalanları xatırlamaq  mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı,  şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.  

Vətən müharibəsi şəhidi leytenant  Tariyel Allahverdi oğlu  Salmanov 1988-ci il fevralın 7-də Ağcabədi rayonunun Kəhrizli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında anasını itirən Tariyel üç qardaşı ilə birgə  atasının himayəsində böyüyüb. 1994-2005-ci illərdə Kəhrizli kənd orta məktəbində təhsil alıb.

Tariyel orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub. Tələbəlik illərində də daima idmanla məşğul olub, müxtəlif idman növlərilə maraqlanıb. 2011-ci ildə universiteti bitirdikdən sonra həmin ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tibb xidməti leytenantı kimi hərbi xidmət keçib. Tərxis olunduqdan sonra 2014-cü ilin fevral ayında Həkimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanından hər iki mərhələni uğurla keçərək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-stomatoloq kimi əmək fəaliyyətinə başlayıb. İşə başladıqdan az müddət ərzində bütün xəstəxana heyətinin, həkimlərin hörmətini, sevgisini qazanıb.

T.Salmanovun işinə qarşı sonsuz sevgisi vardı və o, hər zaman öz üzərində çalışır, biliklərini artırırdı. O, müxtəlif illərdə Türkiyənin ayrı-ayrı universitetlərində, Birləşmiş Ərəb Əmirliyində seminarlarda iştirak edib, ixtisasartırma kurslarına qatılıb.

2020-ci ilin yayında Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində mənfur düşmən tərəfindən başladılan döyüşlər zamanı Tariyel həkim könüllü olaraq ordu sıralarına yazılır. Xüsusən, qəhrəman generalımız Polad Həşimovun şəhidliyi ilə heç zaman barışmayaraq, düşməndən generalın, eləcə də bu torpaqlar uğrunda şəhid olan bütün oğulların qanını almaq eşqiylə qəlbi coşub-daşırdı. Lakin həmin ərəfədə döyüşlər tez dayandığından onu cəbhəyə aparmırlar.

İki ay sonra - sentyabrın 29-da isə o, qismən səfərbərliklə İkinci Qarabağ döyüşlərinə çağırılır və elə həmin gün tibb xidməti leytenantı kimi ordu sıralarına qoşulur. Tariyel həkim bütün işlərində və həyatında olduğu kimi, müharibədə də vicdanla xidmət edir, neçə-neçə yaralıya elə yerindəcə tibbi xidmət göstərərək onları ölümdən qurtarır. Onun döyüş yoldaşları bu gün də qəhrəman həkimin qorxmazlığı, şücaəti, mərdliyindən fəxarətlə danışır, onun dəfələrlə ən qaynar nöqtələrə, ən çətin mövqelərə getdiyini vurğulayırlar.
Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək üçün yenidən irəliyə atılır, xeyli sayda yaralılara ilkin tibbi yardım göstərir. Lakin təəssüf ki, mənfur düşmənin atdığı minamyot atəşi nəticəsində özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Prezident İlham Əliyevin  sərəncamlarına əsasən Tariyel Salmanov ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə"  medalları ilə  təltif edilmişdir.

Həkim leytenantın  Ləman adlı bir qızı yadigar qalıb. Atası, qardaşları, sevənləri və döyüş yoldaşları bu gün Tariyel həkim haqqında böyük qürurla, fəxarətlə danışırlar.  

Atası Tariyelin uşaqlığını xatırlayaraq deyir ki, onun qəhrəmanlıq etməsi heç də təsadüfi deyil. Çünki heç zaman Qarabağın işğalı ilə barışmayan Tariyel hələ uşaq yaşlarından Vətən üçün ölməyin, öldürməyin şərəfindən danışar, şəhidlik zirvəsinin ucalığından bəhs edər, müharibə olarsa, şübhəsiz, ən öndə döyüşlərə qatılacağını deyərdi. Dediyi kimi də etdi.

Hazırda şəhidin bir zamanlar yaşadığı küçəyə adı verilib, həmçinin adına abidə bulaq vardır. Vətən uğrunda canından, qanından keçən  Tariyel Salmanovun ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb.

                                                                                                       M.MİRZƏ,

                                                                                                   “Respublika”.