Bakıda beynəlxalq konfrans:
Sosial həyat

Bakıda beynəlxalq konfrans: "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər"

Dekabrın 22-də Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ), Bakı Təşəbbüs Qrupu (BTQ) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) birgə təşkilatçılığı ilə "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər" mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilikləri, parlamentarilər, vətəndaş cəmiyyəti mənsubları, gənclər təşkilatları və akademik dairələrdən olan 100-dən çox nümayəndə iştirak edib.

Tədbirin açılış mərasimində QHPŞ-nin Azərbaycan sədrliyi adından Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, BTQ-nin icraçı direktoru Abbas Abbasov və QHGT-nin Baş katibi Leyla Həsənova çıxış ediblər.

Natiqlər dekolonizasiya prosesinin gedişatı, neokolonializm tendensiyalarının vüsət alması və onunla mübarizə, müstəmləkə irsinin aradan qaldırılması, Qoşulmama Hərəkatının bu proseslərdə müsbət rolu və kollektiv səylərin əhəmiyyətini vurğulayıblar.

Daha sonra konfrans panel müzakirələri formatında davam edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçirilmiş "Müstəmləkəçilik mirası və müasir kontekstdə dekolonizasiya siyasəti" adlanan ilk paneldə Milli Məclisin deputatı Tural Gəncəliyev, Meksikanın ölkəmizdəki keçmiş səfiri Xuan Rodriqo Labardini, Yeni Kaledoniyanın Rəssamlar Assosiasiyasının prezidenti Aleks Loi Ui Toura və Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Bris Noel Epailli panelist qismində çıxış ediblər.

QHGT-nin heyət üzvü Teresa Ornelasın moderatorluğu ilə keçirilmiş "Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və postmüstəmləkə cəmiyyətlərinin formalaşdırılmasında gənclərin rolu" mövzusundakı ikinci panel müzakirələrdə Cibuti Respublikasının Milli Assambleyasının üzvü və Cibuti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İlaya İsmayıl Ceuedi, Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hantip Uanabe, Fransız Qvianasının Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatının üzvü Edel Tadal və Konqo Respublikasından İqneys Urçil Loko Uako Mouamboua iştirak ediblər.

İştirakçılar tərəfindən bir sıra xalqların onilliklər boyunca apardığı mübarizəyə baxmayaraq, onlara qarşı hələ də ədalətsizliyin davam etməsi və müstəmləkəçilik irsinin mənfi təsirləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə müstəmləkəçilik tarixinə nəzər salınıb və XXI əsrdə neokolonializm tendensiyalarının baş qaldırması ilə bağlı təəssüf ifadə edilib.

Kolonializm tarixinin ən yadda qalan siması olaraq Fransanın hələ də 13 dənizaşırı ərazidə müstəmləkəçilik siyasətini davam etdirməsi, beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymaması və ikili standartlar nümayiş etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozması pislənilib.

Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində ötən dövr ərzində bu mövzuya xüsusi diqqət ayırmasını təqdir edib.

Tədbirdə, həmçinin müstəmləkəçilik tarixi olmuş, hazırda ondan əziyyət çəkən ölkə və xalqların mübarizəsini və üzləşdiyi çətinlikləri işıqlandıran, habelə bu xüsusda xarici mütəxəssislərin müsahibələrini əks etdirən qısa videoçarx nümayiş etdirilib.