Şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi daim uca tutulur
Sosial həyat

Şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi daim uca tutulur

Azad və müstəqil yaşamaq, ərazi bötövlüyünü təcavüzkarlardan qorumaq, işğalçılarla sona qədər mübarizə aparmaq kimi xarakteri ilə Azərbaycan xalqı dünya tarixində dərin iz buraxıb. Bu yolda şəhid olmuş oğul və qızlarını heç vaxt unutmamış, əziz xatirələrini uca tutmuş, adlarını daim yaşadaraq gələcək nəsillərə əzmkarlıq, mübarizlik, mətnlik məktəbi kimi ötürmüşdür. Ənənəsinə sadiq qalan müdrik xalqımız 2020-ci ildə daha bir qəhrəmanlıqlarla dolu dastan yazdı. Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Cəmi 44 günə 30 illik işğala son qoyuldu, torpaqlarımız təcavüzkarlardan təmizləndi, ölkəmizin bütün ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi. Bu gün üçrəngli bayrağımız Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə dalğalanır və hər birimiz bu mənzərəni fəxarətlə seyr edirik.

 Dövlətimizin başçısı cənab İlham Əliyevin mahir diplomatik bacarığı, ali rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti, xalqımızın mətinliyi və sarsılmaz birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Zəfər çaldıq, düşmənə sarsıdıcı zərbə vuruldu, işğalçı ordu məhv edildi. Müharibə başlayan ilk gündən Vətən övladları dəstə-dəstə hərbi komissarlıqlara üz tutaraq könüllü şəkildə cəbhəyə getmək üçün müraciət edirdilər. Xalqımızın hər bir üzvü nəyin bahasına olursa-olsun yalnız qələbəyə köklənmişdi. Əsgər və zabitlərimiz döyüşə böyük ruh yüksəkliyi ilə gedirdilər. Onların döyüş meydanında göstərdiyi şücaət bütün dünyada gündəm oldu, Ordumuzun döyüş bacarığı, hərbi taktikası təhlil edilir və heyrətlə qarşılanırdı. Yenilməz Ordumuz döyüş meydanında taktiki baxımdan olsa belə, bir dəfə də geri addım atmadı, qarşısıalınmaz şəkildə yalnız irəli hərəkət edirdi. Xəsarət almış əsgərlərimiz döyüş meydanını tərk etmək istəmir, yaralı halda belə döyüşü davam etdirirdilər. Bunu məhv edilmiş Ermənistan ordusunun canını qaçmaqla qurtarmış fərari əsgərləri də dəfələrlə etiraf ediblər.

Biz müharibədə iştirak etmiş, Vətən uğrunda şəhid və qazi olmuş oğul və qızlarımıza hər zaman borcluyuq. Onlar bizim torpaq həsrətindən əyilmiş qamətimizi dikəltdilər, tariximizdə yeni bir qəhrəmanlıq səhifəsinin banisi oldular. Şəhidlərimizin xidmətləri dövlətimizin tarixində əvəzsizdir. Bizim müqəddəs borcumuzdur ki, daim onları yad edək, ehtiram göstərək, xatirələrini əziz tutaq. Biz həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynlərini, ailə üzvlərini unuda bilmərik: Onlar böyük şövqlə övladlarını döyüşə yola salırdılar. Şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutaraq əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər. Şəhidlərin dəfnində valideynləri "təki Vətən sağ olsun" deyərək üçrəngli, ay-ulduzlu bayrağımızı öpüb bağırlarına basırdılar. Bax, budur Vətən sevgisi. Bu, onu göstərir ki, Azərbaycan xalqı üçün ən ali dəyər Vətəndir. Xalqımızın müdrikliyi, yenilməzliyi də məhz bundadır.

Dövlətimiz hər zaman veteranların, qazilərin, şəhid ailələrinin yanında olub, onlara hər cür dəstəyi göstərir. Bu istiqamətdə ölkəmizdə həmrəylik yaşanır. Əminliklə deyə bilərik ki, dünyada Azərbaycan qədər şəhid ailələrinə, müharibə iştirakçılarına ən ali qiyməti verən, onlara diqqət və qayğı göstərən dövlət yoxdur. Ölkəmizdə elə bir tədbir yoxdur ki, orada şəhidlərimiz yad edilməsin, xidmətlərindən bəhs olunmasın. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib, həmçinin müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilib və bu missiya davam etdirilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdiyi dəstək xüsusi olaraq vurğulanmalıdır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən bütün bayramlarda, digər əlamətdar günlərdə onlara baş çəkilir, qayğıları ilə maraqlanılır, sovqatlar paylanılır. Həmçinin, qazilərimizin müalicələri təşkil edilir, onlara maddi dəstək göstərilir.

Yeri gəlmişkən əlavə edim ki, AHİK və onun üzv təşkilatları hər zaman dövlətimizin və Ordumuzun yanında olub, Ali Baş Komandanın bütün addımlarını dəstəkləyərək şanlı Ordumuza maddi və mənəvi yardım göstəriblər. Şəhid ailələri və qazilər, həmçinin veteranlar daim diqqətimizdədir. Mütəmadi olaraq həmkarlar ittifaqları tərəfindən onlar ziyarət olunur, qayğıları ilə maraqlanılır, lazımi köməklik göstərilir. Onu da qeyd edim ki, AHİK və üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə ümumilikdə 10 milyon 50 min 484 manat vəsait xərclənib. Bu nəcib ənənəni biz bundan sonra da davam etdirəcəyik. Bir sözlə, AHİK Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əməl edərək üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

 Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.