Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib
Sosial həyat

Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı proqramında nəzərdə tutulan maarifləndirmə tədbirləri müvəffəqiyyətlə reallaşdırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib.

Maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, aktivliyinin və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş layihələrin müzakirəsindən ibarət olub.

Tədbirdə çıxış edən M.Pənahov bildirib ki, Azərbaycanda qadınlar həyatımızın bütün sahələrində fəaldırlar. Onlar seçkilərlə bağlı bundan sonrakı proseslərdə də önəmli rol oynayacaqlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkilərdə iştirakına dəstək verməyi hədəflədiklərini vurğulayıb. Deyib ki, hamı öz öhdəliyini yerinə yetirməlidir. "Biz qadınların ictimai siyasi proseslərdə fəal iştirak etmələrini arzulayırıq", - deyə komitə sədi vurğulayıb.

Təqdimatlar zamanı iştirakçılara seçki hüququnun mənsubiyyəti, onun təmin edilməsinin və reallaşdırılmasının əsasları, qadınların seçkilərdə fəallıqlarını daha da artırmaları üçün imkanlar barədə ətraflı məlumat verilib.

Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, qadın təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının və ictimai birliklərin nümayəndələrinin, habelə media mənsublarının iştirakı ilə keçirilən dəyirmi masa mövzular ətrafında müzakirələr və sualların cavablandırılması ilə davam edib.

Qeyd edək ki, bu tədbir prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin dekabrından keçirilən, qadınların seçkilərdə fəallıqlarının daha da artırılmasına həsr olunan çoxsaylı seminar və görüşlərin yekunudur.