Şəhid Rəşad Qiyas oğlu Zeynallının ailəsi ilə görüş 
Sosial həyat

Şəhid Rəşad Qiyas oğlu Zeynallının ailəsi ilə görüş 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Rəşad Qiyas oğlu Zeynallının ailəsini ziyarət edib. Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan  Rəşad Zeynallı Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, şəhidin ailəsi nazirlik tərəfindən Binəqədi rayonu, Xocasən qəsəbəsindəki Yeni Yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunub.

V.Behbudov bildirib ki, tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən Rəşad Zeynallının xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Agentliyin sədri şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi ilə bağlı görülən işlərdən danışıb. Qeyd edib ki, şəhid Rəşad Zeynallının ailəsi də sosial dəstək tədbirləri ilə əhatə olunub və qarşıdakı dövrdə də bu tədbirlər davam edəcək.

“Respublika”.