ŞƏHİDİN XATİRƏSİ ANILIB
Sosial həyat

 ŞƏHİDİN XATİRƏSİ ANILIB

Lənkəran  Regional Mədəniyyət İdarəsinin kollektivi müntəzəm olaraq torpaqlarımızın işğaldan azad edilməsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların ailələri ilə görüşür, məzarlarını ziyarət edir, xatirələrinə dərin ehtiramlarını bildirirlər.

İdarənin rəisi Şahin Şahbazov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Rayon Komitəsinin sədri Anar Salayev və başqaları şəhid Sənan Ağazadənin ailəsi ilə görüşüb. Görüşdə şəhidin həyatından, keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb.

Sənan Ağazadə 2000-ci il may ayının 1-də Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılıb. 1 il 3 ay xidmət etdikdən sonra Vətən müharibəsi başlanıb. Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi şücaət, fədakarlıq göstərib. Sərrast atəşlərlə düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib. 2020-ci il oktyabr ayının 14-də qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Görüşdə İdarə rəisi bildirib ki, Sənan kimi oğulların igidliyi, şücaətləri heç zaman unudulmayacaq. Şəhidlər  44 gün ərzində qanları ilə xalqımızın zəfər tarixinə parlaq səhifələr yazdılar. Onların xatirəsi hamımız üçün əzizdir.

Sonra şəhidin məzarı ziyarət olunub. Ruhuna dualar oxunub, parlaq xatirəsi ehtiramla yad edilib.

 Əlisəfa HƏSƏNOV,

“Respublika”.