Sülhə doğru növbəti uğurlu addım
Siyasət

Sülhə doğru növbəti uğurlu addım

Ölkəmizin irəli sürdüyü təməl prinsipləri regionda uzunmüddətli sabitliyə və dayanıqlı inkişafa təminat yaradır

Azərbaycanın yaratdığı reallıqların ən mühüm nümunələrindən biri ölkəmizin təşəbbüsü ilə regional təhlükəsizliyə, xalqların dinc yanaşı yaşamasına xidmət edən və davamlı sülhə nail olunmasına doğru atılan uğurlu addımlardır. Prezident İlham Əliyev avqustun 12-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir daha bəyan etdi ki, davamlı ümumbəşəri sülh sosial-siyasi dəyərdir və regionun inkişafını təmin edən əsas amildir. Hazırkı zamanda sülhə nail olmaq prioritet vəzifədir, düşmənçilik, revanş məsələlər bir kənara qoyulmalıdır. İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanıqlı sülhün və təhlükəsizliyin təminatında vacib amillərdən biridir. Qalib Azərbaycanın yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxışı, həmçinin bölgənin gələcəyi ilə bağlı konkret fikirlər səsləndirməsi, hazırda gündəmdə olan sülh müqaviləsinin imzalanmasında göstərdiyi səylər təbii ki, təqdir olunur. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bu istiqamətdə region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə yeni təşəbbüslər irəli sürüb, onların reallaşması istiqamətində atdığı addımları ilə bunu təsdiqləyib və təsdiqləməkdədir. Həyat reallıqları sevir. Real olan isə budur ki, bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və müstəqil, qətiyyətli siyasi diplomatiya dayanır.

Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın, həm də müharibədə qazanılan qələbənin əsasıdır. Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi dairələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə isə nidasını qoyduğu tarixi reallıqdır.

Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların leytmotividir. Əgər sülh müqaviləsi imzalanarsa və ölkəmizin irəli sürdüyü təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və qəbul etməlidirlər ki, yüz minlərlə azərbaycanlı Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.

Ölkə başçısı çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminat verilir. Azərbaycan tərəfi erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verdiyi halda Ermənistan rəsmiləri bununla bağlı qarşıdurma yaradırlar. Onlar anlamalıdırlar ki, hazırkı reallıq Azərbaycanın suverenliyi təmin olunmaqla onun bayrağı, onun qanunları ilə birgəyaşayışı qaçılmaz edir. "Dəmir yumruq" çoxilliklərə hesablanmış strateji planlarıın həyata keçirilməsi üçün müvəqqəti taktiki addımdır və bu məqsədimizə aparan yeganə yoldur. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin yardımı ilə qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilib. Bu isə beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var və uğurla davam etdirilir, burada Qarabağ mövzusu yoxdur, çünki bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Bunlar Aİ-nin rəsmi Bakının maraqlarına nə qədər önəm verdiyinin göstəricisidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vastəçiliyi ilə dördüncü üçtərəfli görüşün keçirilməsi bu formatın davamlı olmasını və təşkilatın sülh prosesinin mühüm hissəsinə çevrilməsini təsdiq edir. Avropa İttifaqı Şurasının Prezidentinin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 4 saat davam edən görüşü baş tutub. Sözsüz ki, burada Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət və İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar böyük əhəmiyyətə malikdir. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə rəğmən, əldə olunan nəticələr ortadadır. Azərbaycanın uğurlu və dönməz xarici siyasəti, Aİ-nin vasitəçiliyi bu nəticələrin təməlidir.

Görüşdə sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri ilə bağlı əldə edilən nəticələr müzakirə olunub. Əvvəlki görüşlərdə müzakirə edilən məsələlərdə Azərbaycan dövlətinin milli maraqlarına uyğun müəyyən irəliləyişin olması məlumdur. Ən əsası isə görüşdə sülh sazişinə nail olunması üzrə ciddi mövqe nümayiş etdirilib. Bununla da, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bir ay müddətində sülh sazişinin layihəsi üzrə işləmək üçün tapşırıq verilib. Sərhədlərin delimitasiyası ilə bağlı Sərhəd Komissiyasının iclasının noyabr ayında Brüsseldə keçirilməsinin planlaşdırılması uğurlu nəticələrin əldə olunacağına əminlik yaradır. Ümumilikdə Avropa İttifaqının bu vasitəçiliyi, bütün görüşlərdə Azərbaycanın mövqeyinin qorunması dövlətimizin uzun illərə əsaslanan uzaqgörən, müdrik xarici siyasətinin nəticəsidir. Bu isə sözsüz ki, Prezident İlham Əliyev tərəfindən illər öncə müəyyənləşdirilmiş və həyata keçirilən xarici siyasətimizin nailiyyətidir. Əhalini uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyini bildirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra yaydığı bəyanatda deyib: "Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək". Tərəflərin noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəlməsi də müsbət addımdır. Belə ki, növbəti görüşə qədər öhdəliklərin yerinə yetirilməsi baxımından üçtərəfli görüş bir növ hesabat xarakteri daşıyır. Azərbaycan bütün öhdəlikləri yerinə yetirən və sülh prosesinə töhfə verən tərəf kimi danışıqlar masasında da üstünlüyü qoruyub saxlayır. Prosesi pozan Ermənistan isə hər dəfə bu cür görüşlərdə öhdəliklərini yada salmağa və onları icra etməyə məcbur olduğunu anlayır. Budəfəki görüş də Azərbaycanın diplomatik üstünlüyü ilə yadda qaldı. İnkişaf strategiyası ilə regional iqtisadi məkanın dərinləşməsi arasında birbaşa əlaqə mövcuddur. Cənubi Qafqazda bunun təmin edilməsi isə bilavasitə Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən asılıdır. Sülh müqaviləsi də Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Bütün bunlar inamla deməyə əsas verir ki, Brüsseldə keçirilən üçtərəfli görüş birmənalı olaraq Azərbaycan diplomatiyasının və şəxsən dövlətimizin başçısının növbəti qələbəsidir.

Mustafa KAMAL,

"Respublika".