Tarixi yurdlara qayıdışın astanasında
Digər xəbərlər

Tarixi yurdlara qayıdışın astanasında

GÖYÇƏDƏ ERMƏNİ TERRORUNUN ACI NƏTİCƏLƏRİ

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Erməni vandalları və havadarları zaman-zaman Azərbaycan xalqının şərəfli tarixinə və keçmişinə nə qədər kölgə salıb unutdurmağa çalışsalar da, ilahi ədalət və haqq bizimlə olduğundan, eyni zamanda tarixi şəxsiyyətlərimizin sayəsində onlar istəklərinə nail ola bilməmişlər.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan, əsrlər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmışlar.

Göyçə azərbaycanlıların qədim yaşayış yerlərindən biridir. Qəhrəmanlıq dastanımız olan "Kitabi-Dədə Qorqud"da bu müqəddəs yurdun və ona yaxın ərazilərin adı tez-tez hallanır. Əlbəttə, bu qədimlik elmi araşdırmalarda da öz təsdiqini tapmışdır.

Göyçə mahalının tarixi ilə bağlı müxtəlif fikirlər söyləyən alimlər arasında türk alimi Toğan bu qənaətə gəlir ki, türk tayfaları Göyçədə və ona qonşu olan ərazilərdə eramızın 460-cı illərində məskunlaşmışlar.

Göyçə mahalının əsas hissəsini özündə birləşdirən Basarkeçər rayonunun sahəsi 1150 kvadratkilometr olmuşdur. Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəddir. Bu, həm də azərbaycanlıların qədim yaşayış məskəni olmuşdur, lakin sonralar...

Tarixi mənbələrdən məlumdur ki, 1831-ci ildə Basarkeçər rayonunda cəmi 4376 nəfər əhalidən 9 nəfəri erməni, 4367 nəfəri isə azərbaycanlı idi. Təbii ki, həmin dövrdə Basarkeçər rayonu ərazisində yerləşən 44 kəndin heç birində erməni ailəsi olmamışdır. Çar hökumətinin 1828-ci ildə İran ilə bağladığı Türkmənçay və 1829-cu ildə Türkiyə ilə Ədirnə sülh müqaviləsinə əsasən erməni daşnaklarının bir il müddətinə Arazdan şimala köçürülməsinə başlanıldı.

1828-1830-cu illərdə Rusiya Zaqafqaziyaya 40 min İran ermənisi və 84 min Türkiyə ermənisi köçürmüşdür ki, bu ermənilər əsas etibarilə Yelizavetpol quberniyasının dağlıq hissəsində (Yuxarı Qarabağ nəzərdə tutulur) və Göyçə gölü ətrafında yerləşdirilmişdir.

Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda oldu. Basarkeçər kəndində 1296, Gödəkbulaqda 515, Aşağı Zağalıda 521, Tüstülüdə 224, Qırxbulaqda 589 nəfər yerləşdirildi. Ərzurum və Bəyazit paşalıqlarından gəlmiş 45 min erməni ailəsi buraya köçürüldü, azərbaycanlıların sıxışdırılması başlandı. Nəticədə xeyli yerli camaat yurdlarını tərk edib İrana və Türkiyəyə köçməyə məcbur oldu. Həmin il Basarkeçərdə 11746 azərbaycanlı yaşayırdı.

Qərbi azərbaycanlılar, sözün əsl mənasında, dörd dəfə genosid siyasətinin qurbanı olmuşdur. Erməni millətçiləri "böyük Ermənistan" dövləti yaratmaq üçün birinci növbədə əhalinin tərkibini dəyişdirməyi ön plana çəkdilər və XX əsrin əvvəllərində artıq əhalisi qarışıq olan kəndlər yaranmağa başladı. Göyçənin - Basarkeçər rayonunun kəndlərinə ermənilər köçürüldü. Bu da əhalinin milli tərkibinin dəyişdirilməsi, eyni zamanda azərbaycanlılara qarşı əsl genosid siyasəti idi.

1918-1919-cu illərdə Andronikin qoşunları Azərbaycan xalqına qarşı açıq terrora keçdi. Türkmənçay müqaviləsinin qara buludu Göyçənin də başı üzərini aldı. 1919-cu ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə məsələ müzakirə etməli oldular. Qədim Azərbaycan şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsənbəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı. 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistanın paytaxtı olmasına səs verdikdə, Həsənbəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər. Belə bir ağır dövrdə Andronikin qoşunları Qərbi Azərbaycandakı soydaşlarımızı qırırdılar. Polkovnik Silikovun rəhbərliyi altında daşnak hökumətinin qoşunları Basarkeçər rayonu ərazisinə hücum etdilər. Göyçə mahalının - Basarkeçər rayonunun 22 kəndi darmadağın edildi və Alçalı, Çamırlı, Yarpızlı, Qanlı, Kərkibaş, Çaxırlı, Şişqaya, Kiçik Məzrə, Böyük Məzrə kəndlərini yandırdılar. Andronikin ordusu hər kənddə 5-6 gün dayanır, oranı darmadağın etdikdən sonra başqa kəndlərə keçirdi.

Bu cinayətlər barədə Göyçə mahalından 26 kəndin əhalisinin 1919-cu il martın 2-də Gəncə qubernatoruna yazdığı ərizədə ətraflı məlumat verilir, göstərilirdi ki, 1919-cu il fevralın 28-də Silikovun rəhbərliyi altında erməni ordusu müsəlman kəndlərinə daxil oldu. Qaniçən daşnak dəstəsi Basarkeçər rayonunun Zod kəndinə daxil olan zaman kənd camaatından 750 pud taxıl və 100 sentner ot tələb etdi. Kənd sakinləri etiraz edib bildirdilər ki, onlar həmin miqdarda ərzağı vermək imkanına malik deyillər. Silikov kənd camaatından rədd cavabı aldıqdan sonra onları təhqir etdi və Zod kəndinin sakini Məcid Süleyman oğlunu öldürdü, 4 nəfər isə yaralandı. Bu dəhşətli hadisədən sonra kənd camaatının səbri tükəndi. Onlar türk xalqının qatı düşməni olan Stepan Şaumyanın yaxın silahdaşı olan Silikovla bərabər, 4 zabiti və 15 erməni quldurunu öldürdülər. Bu hadisədən sonra erməni millətçilərinin Basarkeçərin müsəlman əhalisinə qarşı vəhşiliyi daha da şiddətləndi. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı yeritdiyi genosid siyasətinin ikinci mərhələsi Qərbi Azərbaycanın Göyçə mahalında minlərlə soydaşımızın qırılması və öz doğma yurdlarını tərk etməsi ilə başa çatdı. Sağ qalan az qisim əhali isə öz doğma yurdlarından baş götürüb qaçdı. Kəlbəcərdəki "Sümüklü dərə" və digər yerlər o qanlı illərin yadigarıdır.

Ermənistanda daşnak hökuməti yıxıldıqdan sonra azərbaycanlılar Basarkeçərə - öz ata-baba yurdlarına qayıtdılar.

Göyçəyə qayıdan azərbaycanlılar dəhşətə gəldi. Onların yaşadıqları bir neçə kəndə erməni ailələri köçürülmüşdü.

1948-1953-cü illərdə Ermənistandan, o cümlədən Basarkeçərdən azərbaycanlılar Stalinin, Mikoyanın və Moskvadakı ermənipərəst qüvvələrin qurduğu hiylə ilə köçürmə siyasəti adı altında sürgün edildilər. Stalinin ölümündən sonra köçürmə dayandırıldı. Həmin dövr genosid siyasətinin üçüncü mərhələsi idi. Xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə azərbaycanlı əhali Beyləqan, Saatlı, İmişli, Salyan, Bərdə, Dəvəçi, Biləsuvar və sair rayonlarda yerləşdirildi. Azərbaycanlıların izini-tozunu silmək üçün daşnaklar tərəfindən coğrafi adlar dəyişdirildi, tarixi abidələr dağıdıldı. 1969-cu ildən etibarən Basarkeçər rayon partiya komitəsinin birinci katibi vəzifəsinə qeyri-qanuni olaraq erməni təyin edildikdən sonra daşnaklar öz çirkin əməllərini əvvəlki tək örtülü yox, açıq şəkildə həyata keçirməyə başladılar. İlk növbədə partiya orqanlarında çalışan azərbaycanlı kadrlar sıxışdırılaraq təqiblərə məruz qaldılar. 1969-cu ildə qatı millətçi, Ermənistan Elmlər Akademiyasının prezidenti Viktor Hambarsumyanın şəxsi təşəbbüsü ilə Basarkeçərin adı dəyişdirilərək Vardenis oldu.

1948-1953-cü illərdə köçürülmə siyasəti "ağ genosid" adlandı. Bu üçüncü mərhələ şəxsiyyətə pərəstiş dövründə həyata keçirildi. Genosidin dördüncü mərhələsi keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında baş verən hadisələrlə əlaqədar idi. Vilayətin Ermənistana birləşdirilməsi erməni millətçilərinin çoxdankı arzusu idi. Belə bir şərait Sov. İKP MK-nın 1985-ci il plenumundan sonra yarandı. Erməni şovinistlərinə isə arxa duran ilk növbədə M.Qorbaçov oldu. Silva Kaputikyan, Zori Balayan, Sero Xanzadyan kimi faşist xislətli qüvvələr Qorbaçovun xanımının hədiyyə sandığını daş-qaşla bəzədilər...

Beləliklə, deportasiyanın son mərhələsində - 1988-ci ildə Basarkeçərin 30 min azərbaycanlı əhali erməni xəyanəti sayəsində doğma ata-baba yurdlarını məcburən tərk etdi. Həmin vaxtdan bu günə qədər bütün Qərbi azərbaycanlılar kimi, göyçəlilər də yurd həsrəti ilə yaşayırlar.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Ölkə başçısı vurğuladı ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Qərbi Azərbaycana, qəribsəmiş yurd yerlərinə dönməyimizə az vaxt qalıb. Vətən müharibəsini Zəfərlə sonlaşdırdıqdan sonra Qarabağa və Zəngəzura uğurlu Böyük Qayıdış Konsepsiyası hazırlayan Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dönməsini gerçəkləşdirməkdir.

Qədir ASLAN,

"Respublika".