Türkiyənin ölkəmizdəki səfiri  4 saylı DOST Mərkəzində olub
Sosial həyat

Türkiyənin ölkəmizdəki səfiri  4 saylı DOST Mərkəzində olub

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində olub.  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov səfirə DOST konsepsiyası barədə məlumat verib.

DOST Agentliyi və mərkəzlərinin Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradıldığını diqqətə çatdıran nazir müavini  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaratdığını vurğulayıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, A.Kərimov indiyədək Bakı şəhəri və Abşeron rayonu üzrə artıq 5 DOST Mərkəzinin yaradıldığını deyib. O, 2019-2025-ci illər üzrə Bakıda və ölkəmizin regionlarında 17 DOST Mərkəzi və 47 DOST filialının açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. DOST Agentliyinin sədri Fərid Məmmədov səfiri paytaxtın Binəqədi və Nərimanov rayonları üzrə xidmət göstərən 4 saylı DOST Mərkəzinin fəaliyyəti, buradakı xidmət bölmələri, əhaliyə xidmətlərin göstərilməsi prosesi ilə tanış edib.

C.Bağçı mərkəzdəki İnklüziv İncəsənət Məktəbi, burada əlilliyi olan şəxslərin hazırladıqları əl işləri ilə də tanış olub.

Mərkəzdə vətəndaşlara müasir əsaslarla, şəffaf və operativ şəkildə, vətəndaş rahatlığı prinsipi ilə göstərilən xidmətlərlə bağlı xoş təəssüratlarını ifadə edən  səfir DOST layihəsinin uğurlu bir yenilik, innovativ təcrübə olduğunu bildirib.

Mustafa KAMAL,

“Respublika”.