İnsan alverinə qarşı mübarizədə hüquq-mühafizə orqanları qarşılıqlı fəaliyyət göstərir
Sosial həyat

İnsan alverinə qarşı mübarizədə hüquq-mühafizə orqanları qarşılıqlı fəaliyyət göstərir

Müasir dövrdə bütün dünyada olduğu kimi, insan alveri problemi təəssüf ki, Azərbaycanda da mövcuddur. Dünyanın digər ölkələrində olduğu kimi, ölkəmizdə də insan alveri cinayətini həyata keçirən müəyyən qruplaşmalar var. İnsan alveri cinayəti həm Azərbaycan hakimiyyətini, həm də ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Məhz bu səbəbdən dövlət və digər ictimai qurumlar bu problemin aradan qaldırılması üçün birlikdə və məqsədyönlü şəkildə fəaliyyət göstərirlər.

Azərbaycanda insan alveri cinayətinə qarşı aparılan mübarizəyə artıq beynəlxaq səviyyədə müsbət rəy bildirilir. ABŞ dövlət katibi Con Kerri insan alveri ilə bağlı hesabatında Azərbaycanın adını çəkmişdir. Həmin hesabatda ölkələr üç qrupa bölünmüşdür. Azərbaycan bu hesabatın ikinci qrupuna, yəni ölkələrin bu istiqamətdə müəyyən tərəqqi əldə etdiyi qrupa aid edilmişdir.

Ümumiyyətlə, ölkəmizdə insan alverinə qarşı mübarizə mütəşəkkil şəkildə qurulmuşdur. İnsan alveri qurbanlarının reinteqrasiyası həyata keçirilir, reabilitasiya mərkəzlərinə yerləşdirilir. Azərbaycanda insan alverinə qarşı mübarizəni gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul edilmiş, konvensiyalara qoşulmuş, həmçinin mübarizə idarələri yaradılmışdır. Azərbaycan Respublikasında insan alveri kimi dəhşətli və cinayət hesab olunan problemin qarşısını almaq və ona qarşı mübarizəni gücləndirmək məqsədilə 2004-cü il 6 may tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq İnsan Alverinə Qarşı Milli Fəaliyyət Planı qəbul edilmişdir. Milli Fəaliyyət Planı BMT-nin  "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının müddəalarına uyğun olaraq hazırlanmışdır. Ümumiyyətlə, insan alverinə qarşı qəbul edilmiş bu Milli Fəaliyyət Planı insan alverinin qarşısının alınmasında müvafiq qurumların qarşılıqlı və səmərəli fəaliyyəti üçün vahid bir sistem yaratmaq məqsədi daşıyır. Milli Fəaliyyət Planında yer alan məsələlərin səmərəliliyinin artırılması, həmçinin insanların təhlükəsizliyinin təmin edilməsi və məlumat gizliliyinin qorunması üçün Milli Fəaliyyət Planı iştirakçısı olan şəxslərin vəzifələrini yerinə yetirməsi vacib məlumata malik olmaq prinsipinə əsaslanır. Milli Fəaliyyət Planında yer alan Milli Koordinator bu planda əks olunan vəzifələrin icra edilməsində əsas rol oynayan məsul şəxsdir. Milli Fəaliyyət Planında əks olunmuş məsələlərin həlli üçün lazımi şəkildə fəaliyyət göstərən qurumun yaradılması tələb olunurdu. Məhz bu məqsədlə xüsusi polis qurumu yaradılmışdır. Bu qurum bir qayda olaraq Milli Koordinatora tabe edir. İnsan alverinə qarşı mübarizədə əsas aparıcı qüvvələrdən olan hüquq-mühafizə orqanları xüsusi polis qurumu ilə qarşılıqdı fəaliyyət göstərir. Milli Fəaliyyət Planına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq insan alveri qurbanı və bu cinayətin şahidi olmuş şəxslərin təhlükəsizliyi üçün onlar müəyyən sığınacaqlarda da yerləşdirilirlər. Milli Fəaliyyət Planını icra edən orqanların siyahısına Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Koordinator və Kütləvi İnformasiya vasitələri (KİV) aiddir.

İnsan alverinə qarşı mübarizəni gücləndirmək üçün "İnsan Alverinə Qarşı Mübarizə"  haqqında Azərbaycan Respublikasının Qanunu 28 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmişdir. Qanun ümumilikdə yeddi fəsildən ibarətdir. Qanunun birinci fəsli ümumi anlayışlarla bağlıdır. Burada yer alan əsas anlayışlar sırasında insan alveri, insan istismarı, məcburi əmək, cinsi istismar, köləlik, insan alverçisi, insan alveri qurbanı, insan alverinin potensial qurbanı kimi anlayışlar yer alır.

Qanunun ikinci fəslində insan alveri cinayətinə qarşı yönəldilmiş mübarizənin təşkilati əsaslarından danışılır.

Üçüncü fəsil insan alverinin profilaktikası ilə bağlıdır. İnsan alverinin profilaktikası tədbirləri dedikdə insan alveri qurbanlarının sayının azaldılması, ümumiyyətlə, bu problemin aradan qaldırılması üçün tədqiqatın aparılması, insan alverini yaradan problemlərin qarşısının alınması üçün sosialyönümlü proqramların hazırlanması, insan alveri qurbanlarının işlə təmin edilməsi, məşğulluğunun artırılması üçün sahibkarlarda müsbət təəssüratın yaradılması, qadın və uşaqların mühafizəsinin və hüquqlarının müdafiəsinin gücləndirilməsi, kimsəsiz və təhsildən uzaqlaşdırılan  uşaqların aşkarlanması və s. istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulur.

Qanunun digər fəsillərində yer alan əsas anlayışlar isə insan alveri qurbanlarının reabillitasiyası, insan alveri ilə bağlı məsuliyyət, beynəlxalq əməkdaşlıq və yekun müddəalardan ibarətdir.

Azərbaycanda insan alverinə qarşı mübarizə, həmçinin bu problemdən əziyyət çəkənlərə dövlət dəstəyi genişlənməkdə və görülən tədbirlər artmaqdadır. Hazırda insan alveri qurbanları və insan alveri ilə məşğul olan şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Sosial Xidmət Agentliyinin bir struktur bölməsi kimi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə bütün dəstək və yardımlar ödənişsiz şəkildə həyata keçirilir.

İnsan alverinin qarşısının alınmasında ən effektiv yollardan biri maarifləndirmə işlərinin aparılmasıdır. Bu, müxtəlif vasitələrlə həyata keçirilir. Daxili İşlər Nazirliyi, müəyyən Qeyri-Hökumət Təşkilatları, bölgələr üzrə fəaliyyət göstərən sosial işçilər, kütləvi informasiya vasitələri maarifləndirmə işlərində ən vacib və aparıcı qüvvələrdir. Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə üzrə Baş İdarəsi daim qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında birgə fəaliyyət göstərirlər.

Sosial işçilər insan alverinin qarşısının alınmasında mühüm rola malikdirlər, çünki onlar bu qurbanlarla ilk əlaqə yaradan tərəflərdir. Sosial işçilər insan alveri ilə mübarizədə öz fəaliyyətlərini qarşısını alma, müdaxilə və sosial iş nöqteyi-nəzərindən həyata keçirirlər.

Sosial iş nöqteyi-nəzərindən: müştərilərin insan hüquqlarının pozulması nəticəsində dəymiş biopsixososial zərərin aradan qaldırılması uzunmüddətli psixososial və bəzən fiziki dəstəyə ehtiyacı olan insan alveri qurbanları üçündür.

Ümumiyyətlə, insan alveri qurbanları emosional, psixoloji və fiziki travma keçir diklərindən onların psixi sağlamlığı üçün təcili xidmət tələb olunur. Sosial işçi bu üç mühüm məsələni əsas götürməlidir: müəyyənləşmə, insan alverindən çıxış və bərpa. Müəyyənləşdirmə prosesi potensial qurbanı itirməmək üçün sosial işçinin malik olmalı olduğu əsas bacarıqdır. Çünki bəzi hallarda, insan alveri qurbanları, xüsusən də qadınlar diqqətdən kənarda qalır, çünki ya zorakılıq edənin qisas almasından qorxur, ya da baş verənlərdən utanır, buna görə də susmağa meyilli olurlar.

Fazilə HÜSEYNLİ,

ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi.