ÜST qoruyucu maskalardan istifadə və digər qaydalara riayət etməyi tövsiyə edir
Səhiyyə

ÜST qoruyucu maskalardan istifadə və digər qaydalara riayət etməyi tövsiyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının hələ də bitmədiyini və ötən ayla müqayisədə dünyada koronavirusa yoluxma halının  artdığını açıqlayıb. Buna görə də, ÜST dünya ölkələrinə qoruyucu maskalardan istifadə və digər qaydalara riayət etməyi tövsiyə edir.

Ölkəmizdə peyvəndləmə yüksək səviyyədə olduğundan Azərbaycanda epidemioloji sabit vəziyyət qalmaqdadır ki, bu da tam olaraq müvafiq səhiyyə orqanlarının nəzarətindədir. Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir.

Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Azərbaycanda da COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib.

Əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır. Amma unutmaq olmaz ki, xəstəliyin hətta yüngül halı belə, 6 ay və daha çox davam edə bilən "uzunmüddətli kovid" adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin, mütəxəssislər bir daha bildirirlər ki, profilaktika tədbirləri də dəyişməz qalıb. Belə ki, əllərin tez-tez və düzgün yuyulması, sosial məsafənin saxlanması, insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVID-19 infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir.

Bu sadə tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qoruya bilərik.

Bəybala BƏYBALAYEV,

"Respublika".