Vaksinasiya prosesində qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb
Digər xəbərlər

Vaksinasiya prosesində qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb

Bir qrup tibb işçisinin müxtəlif şəxslərin saxta peyvənd sertifikatı almalarını təmin etmələri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı başa çatdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla Qənitə İsmayılovanın Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprel-sentyabr aylarında xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədən COVID-19 vaksinasiyası üzrə prosesin düzgün və keyfiyyətli aparılmasına şərait yaratmadığı, Mərkəzə məxsus möhürü özündə saxlamalı olduğu halda tibb müəssisələrinin ayrı-ayrı işçilərinə verdiyi müəyyən olunub.

 Cinayət işinin istintaqı zamanı Qənitə İsmayılovanın işinə laqeyd münasibətindən istifadə edən həmin işçilər tərəfindən hər iki doza üçün ümumilikdə 67 nəfərin "Sinovac" peyvəndi ilə vaksinasiya olunmalarına dair yalan məlumatların qanunsuz olaraq rəsmi sənədlərə, eyni zamanda "analiz.its.gov.az" rəsmi elektron portalına daxil edilməsinə, yol verilən qanunsuz əməllərin ört-basdır edilməsi məqsədilə 2700 manat dəyərində 130 peyvənd flakonunun boşaldılaraq tullanılmasına, bununla da dövlətin epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması, eləcə də vaksinasiyanın təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlarla Qənitə İsmayılova Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Habelə həmin saxta vaksin sertifikatlarının ləğv olunması məqsədilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsə məktub ünvanlanıb.

AZƏRTAC