Vətən müharibəsində yaralanan və əlilliyi müəyyən olunan şəxslərin Paralimpiya Hərəkatına cəlb edilməsi üçün tədbirlər görülür
Sosial həyat

Vətən müharibəsində yaralanan və əlilliyi müəyyən olunan şəxslərin Paralimpiya Hərəkatına cəlb edilməsi üçün tədbirlər görülür

Bu yaxınlarda Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) növbəti hesabat-seçki konfransında qarşıdakı dörd il üçün fəaliyyət planı açıqlandı. Həmin fəaliyyət planında İkinci Qarabağ müharibəsi qazilərinin Paralimpiya hərəkatına cəlb olunması ilə bağlı xüsusi bənd var. Planda 44 günlük Vətən müharibəsində yaralanmış və əlilliyi müəyyən olunmuş şəxslərin Paralimpiya Hərəkatına cəlb edilməsi üçün Komitə tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bunu AMPK-nın baş katibi Kamal Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

AMPK-nın əsas bazalarının Bakıda və Sumqayıtda yerləşməsi nəzərə alınaraq bu istiqamətdə tədbirlərə məhz həmin şəhərlərdə start verildiyini vurğulayan K.Məmmədov qeyd edib: "Həmin tədbirlər "Tokio-2020"dən əvvələ təsadüf etmişdi. Qazilərlə bir sıra görüşlər keçirilib və onlara Paralimpiya Hərəkatı ilə bağlı ətraflı məlumat verilib. Paralimpiadadan sonra biz analiz apardıq və qazilərin böyük əksəriyyətinin bölgələrdə olduğunu öyrəndik. Artıq regionlarda tədbirlər təşkil etməyə başladıq. Bir neçə gün əvvəl Şirvan Olimpiya İdman Kompleksində növbəti görüş təşkil olundu. Görüşdə AMPK-nın idman şöbəsinin müdiri və baş məşqçilər iştirak etdilər. Həmin tədbirdə qazilərə uyğun olan idman növləri seçilir, məşqçi təyin edilir və onlar yaşadıqları yerdə idmana cəlb olunurlar. Qazilərin əksəriyyəti güllə atıcılığı idmanına maraq göstərirlər. Digər idman növlərindən pauerliftinq, atletika və taekvondoya da maraq göstərən qazilərimiz var.

Vətən müharibəsi qaziləri ilə onların reabilitasiya dövründə bu istiqamətdə psixoloji işin aparıldığını vurğulayan K.Məmmədov bildirib ki, onlar özlərini psixoloji cəhətdən bərpa ediblər. Artıq fiziki və texniki hazırlıqların başlanması vaxtıdır ki, buna da start verilib. Regionlarda keçirilən görüşlərin sayının artırılması nəzərdə tutulub. Paytaxtdan 80-nə yaxın qazi Komitəyə müraciət edib. Bəzən bədənində qəlpə olan qazilərimiz Paralimpiya Hərəkatına qoşulmaq üçün müraciət edirlər. Ancaq Beynəlxalq Paralimpiya Komitəsi bu halı qəbul etmir. Beynəlxalq qurumun şərtinə əsasən, idmançının göz ilə görünən əlliliyi olmalıdır. Buna görmə qabiliyyətinin zəifliyi, amputasiya, əlil arabasından istifadə və digərləri daxildir. Məhz bu qəbildən qazilərimizi Paralimpiya Hərəkatına rahatlıqla cəlb edə bilirik. Ancaq həmin müraciətləri də cavabsız qoymuruq. Biz onları B milli komandanın üzvü kimi yerli yarışlara cəlb edəcəyik.

Yaxın günlərdə Qarabağ qazilərinin "Tokio-2020" Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılarla görüşünün planlaşdırdıqlarını vurğulayan AMPK-nin baş katibi bildirib: "İnanırıq ki, bu əlavə motivasiya olacaq. Təhlillərimiz göstərir ki, qazilərimizə güclü stimul lazımdır. Onlar bilməlidirlər ki, əlillik hər şeyin sonu deyil, sadəcə aldığımız bir zədədir. Əlilliklə də yaşamaq, yaratmaq və uğur qazanmaq olar. Ölkəmizdə kifayət qədər belə insanlar var və onlar da böyük uğurlara imza atıblar. Əminik ki, İkinci Qarabağ müharibəsində böyük şücaət göstərən qazilərimiz bu uğuru idman arenalarında da davam etdirəcəklər".

AZƏRTAC