Vətən müharibəsinin ilk şəhid qəhrəmanı
Sosial həyat

Vətən müharibəsinin ilk şəhid qəhrəmanı

Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi. Odur ki, Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsini daim uca tutacaq. 

Şanlı qələbəni bizə yaşadan qəhrəmanlardan  biri Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1981-1991-ci illərdə kənd orta məktəbində təhsil alıb. Uşaq yaşlarından Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Faiq bu müddətdə Qarabağ müharibəsində iştirak etmiş, Laçın və Qubadlıda topçu kimi Milli Qəhrəman Əliyar Əliyevin taborunda düşmənə qarşı vuruşmuşdur. Xidmətinə görə Qarabağ müharibəsi veteranı adına layiq görülmüşdü. 1992-ci ildə Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə Faiqin "Qorxmazçılar" taborunun komandiri olan qardaşı Həsənqulu Qasımov 23 yaşında şəhid olur. Onu da qeyd edək ki, evin sonbeşiyi olan Faiqin  6 qardaşından  üçü şəhid , üçü isə qazi olub. O gündən sonra Faiq Qasımov düşməndən qisas almaq üçün hərbçi olmaq qərarını verir.1992-ci ildən  Yuxarı Cibikli  kəndinin müdafiəsi uğrunda döyüşlərdə yenidən topçu olaraq xidmət edir.

Hərbi xidməti bitirəndən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olur. 1995-ci ildə Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov, Şükür Həmidovla eyni gündə məzun olur. Həmin il taqım komandiri kimi Naxçıvan Muxtar Respublikasında xidmətə başlayır. Hərbçi kimi 25 illik xidmətin 14 ili Naxçıvanda  keçir. Naxçıvanda olan zaman ailə həyatı qurur. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanın hər qarış torpağına, hər dağına ayaq qoyur. Vətənin soyuq səngərləri, dağları onun  evi olur.

2009-2012-ci illərdə Balakəndə, sonra öz istəyi ilə Füzuliyə təyinatını almış və burada xidmətini davam  etdirmişdir. Faiq 2016-cı il aprel ayının 1-dən 5-ə qədər davam edən dördgünlük müharibədə vuruşmuş və bu döyüşdə iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordenilə təltif edilmişdir. Faiq Qasımov həmçinin “Qüsursuz Xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illik” yubiley, “Hərbi Xidmətdə Fərqləndiyinə görə 3-cü dərəcəli”,  “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalları ilə təltif edilib.

Polkovnik-leytenant Faiq Qasımov 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində iştirak edir, Füzulidə gedən döyüşlərdə vuruşur. Hərbi bilik bacarıqlarını düşmənin qurduğu sədləri yarmaq üçün tətbiq edir. Şəxsi heyəti ilə birlikdə səddi keçən  ilk hərbçilərimizdən biri olan Faiq elə həmin gün 27 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 20 oktyabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilir. Bir oğlu və bir qızı yadigar qalır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Faiq Qasımova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Həmçinin dövlət başçısının sərəncamları ilə  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbinə (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) “Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qaçay oğlu Qasımovun adı verilmişdir. 

M.MİRZƏ,

“Respublika”.