Vətən sərhəddən başlayır
Sosial həyat

Vətən sərhəddən başlayır

23 sentyabr 2022-ci il tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr edilmiş "Vətən sərhəddən başlayır" adlı tədbir keçirilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov və "ASAN könüllüləri" iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, Sahil Mühafizəsinin Heydər Əliyev mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanışlıqdan sonra ulu öndərin büstü önünə gül dəstələri düzülüb, Vətən müharibəsində şəhid olan Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucaldılmış abidə - kompleksi ziyarət edilib.

Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə ölkəmizin müqəddəs sərhədlərinin etibarlı mühafizəsini və müdafiəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin, eləcə də "ASAN könüllüləri"nin fəaliyyətində hərbi vətənpərvərlik mövzusunun mühüm yer tutduğu vurğulanıb və bu istiqamətdə mütəmadi tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Sonra könüllülərin təqdimatında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Sonda "ASAN Könüllüləri" Təşkilatının "Əsgərə məktub" layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar matros və zabitlərə təqdim olunub.

Kamil İSMAYIL,

"Respublika".