Vətənə sədaqət andı
Region

Vətənə sədaqət andı

Romir Rəşadət oğlu Əliyev Vətənini canından əziz tutaraq 23 yaşında onun yolunda şəhidlik zirvəsinə ucalıb. Beləcə, şəhidliyi Vətən sevgisindən başlanan daha bir igidimiz ürəklərə köç edib. Dövlət tərəfindən layiq görüldüyü 3- dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" digər medalları onun müharibə meydanında göstərdiyi misilsiz qəhrəmanlığının parlaq ifadəsidir.

Qısa, olduqca şərəfli ömür yolu bizlərə örnək olan Romir Rəşadət oğlu Əliyev 14 may 1997-ci ildə Lənkəranın Aşağı Nüvədi qəsəbəsində dünyaya göz açıb. Təmiz, halal bir ocaqda boy atan Romir orta məktəbi bitirəndə yüksək əxlaqı, Vətənə, torpağa bağlılığı, xalqa yanan ürəyi, qurub-yaratmaq həvəsi ona el-obada hörmət qazandırır. İdmanın güləş növündə qazandığı uğurlarla da yaxşı tanınır. Romirin isə bütün arzularının zirvəsində düşmən tapdağında olan Vətən torpaqlarını azad görmək istəyi durur, düşmənlə döyüşə getməyə həmişə hazır olur.

Romir Əliyev 2015-ci ildə müqəddəsliyinə tapındığı doğma Azərbaycanın qarşısında borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Cəbhə bölgəsində xidmət zamanı Vətəni göz bəbəyi kimi qoruyur, təlimlərdə fəallığı, nizam-intizamı, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməsi onu əsgərlərin, zabitlərin yanında başıuca edir. Hər an Vətən yolunda can qoyan igid olaraq ad çıxarır. Əzəli, əbədi yurd yerimiz Qarabağa yağı düşmənin ədalətsiz təcavüzünə qarşı barışmaz olur, tez-tez "Dığalara dərs verməyin vaxtıdır. Müharibə başlanan kimi ön sırada mən olacağam. And içirəm ki, sona qədər döyüşüb yağıdan qisasımı alacağam", - deyir. Elə bu məqsədlə Romir hərbi xidmətdən sonra mülki şəxs qismində orduda xidmət edir.

Nəhayət ki, Romir Əliyevin istədiyi gün gəlir. 27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda haqq savaşımız başlanır. İlk gündən qəhrəman Vətən sevdalısının qələbə sorağı ən ağır döyüşlərdən gəlir. Cəngavər tək döyüşərək erməni dığalarına ciddi itkilərlə cavab verir. "Vətən yolunda döyüşüb ölmək şərəfdir", - deyib çiyin-çiyinə vuruşan əsgərləri qələbəyə səsləyir. Cəbrayılın, Füzulinin, Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlə tarix yazır. 22 oktyabr 2020-ci ildə Qubadlıda Vətənə tuşlanan yağı gülləsini sinəsi ilə dəf edir. Romirin şəhidliyi Vətən sevgisinin hər şeydən uca olduğu örnəyinə çevrilir.

 Zəfər ORUCOĞLU.