Vətənə xidmət borcu
Region

Vətənə xidmət borcu

Dağlar diyarı Lerik rayonunun Mistan kəndində dünyaya göz açan Çingiz Sulduz oğlu Babayev 44 günlük İkinci Qarabağ müharibəsində yağı düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək 19 yaşında əbədi ölməzlik zirvəsinə yüksəlib. Uşaqlıqdan Vətəninə, xalqına xidmət etmək arzusu ilə boy atan şəhid Çingizi indi bütün leriklilər öz ürəyində yaşadır, həmişə onunla qürur duyurlar.

Bu günlər qəhrəman Vətən sevdalısının yaşının 21-ci ilini qeyd edənlərin də sayı bilinmirdi. Belə ki, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, rayon icra hakimiyyətinin əməkdaşları, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, rayon ağsaqqallar şurasının sədri Elxan Qəmbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, eləcə ictimaiyyət nümayəndələri, şəhid ailə üzvləri ehtiram əlaməti olaraq ölməzlik zirvəsində qərar tutan Çingiz Babayevin doğma kəndindəki məzarını ziyarət etdilər, üstünə gül-çiçək dəstələri düzdülər.

Çıxışlar zamanı qeyd edildi ki, Çingiz Babayev 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərərək, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxardıb. 10 oktyabr 2020-ci il tarixində şiddətli döyüşlərdən birində qəhrəmancasına şəhid olub. Dövlət də öz igid oğlunu ölümündən sonra "İgidliyə görə" , "Vətən uğrunda" "Suqovuşanın azad edilməsinə görə", "Laçının azad edilməsinə görə" medalları ilə təltif edir.

 Zəfər ORUCOĞLU.