ZƏHMƏT ÖZ BƏHRƏSİNİ VERİR
Region

ZƏHMƏT ÖZ BƏHRƏSİNİ VERİR

İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən İsmayıllı rayonunda əsasən bitkiçilik və heyvandarlıq sahələrinə xüsusi diqqətlə yanaşılır. Ötən ilin məhsulu üçün 2021-ci ilin payızında 22495 hektarda payızlıq buğda, 8269 hektarda dən üçün arpa, ümumilikdə 31042 hektar payızlıq taxıl əkilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev bildirdi ki, 2022-ci ilin yazında 42 hektar noxud, 30 hektar lobya, 100 hektar dən üçün qarğıdalı, 53 hektar dən üçün vələmir, 138 hektar yemlik paxla, 242 hektar dən üçün günəbaxan, 726 hektar kartof, 745 hektar tərəvəz, 108 hektar cari ilin yoncası əkilmişdir və əkinlərin 18500 hektarına mineral gübrələr verilmişdir. Bununla yanaşı, 22500 hektarda alaq otlarına və 2520 hektarda gəmiricilərə, 3400 hektarda taxıl ziyanvericilərinə, 750 hektarda digər ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılmışdır.

Qeyd olundu ki, ötən il 8269 hektar sahədə arpa, 22495 hektar sahədə isə buğda biçini başa çatdırılmış, zəmilərdən 26661 ton arpa, 83326 ton buğda məhsulu toplanmışdır. Rayon üzrə hər hektardan buğdanın orta məhsuldarlığı hər hektardan 37.0 sentner arpanın orta məhsuldarlığı isə 32.2 sentner olmuşdur. Payızlıq dənlilərin ümumi məhsuldarlığı hər hektardan 35,7 sentner olmuşdur. Növbəti ilin məhsulu üçün biçindən sonra 31565 hektarda şum çıxarılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% artıqdır. 23076 hektar buğda, 7943 hektar arpa - cəmi 31019 hektar payızlıq dənli bitki səpilmişdir.

Prezident İlham Əliyevin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları təsdiq edilmişdir. 2020-ci ildən subsidiyalar elektron kənd təsərrüfatı sistemi üzərindən verilir. Cari ilin subsidiyası üçün 7200 istehsalçının 11836 sənəd üzrə 28221 hektar əkin məlumatları bəyan olunub. İstehsalçıların demək olar ki, hamısının ümumilikdə 6.2 milyon manatdan artıq subsidiya məbləğləri onlar üçün hazırlanmış və fermer kartlarına köçürüləcəkdir.

Bildirildi ki, son illərdə rayonda açıq sahə və qismən örtülü sahə tərəvəzçiliyi də inkişaf etdirilir. Cari ildə 745 hektar açıq sahə tərəvəzi əkilmişdir. Rayon ərazisində 8523 kvadratmetr sahəni əhatə edən 81 istixanada göyərti, pomidor və xiyar məhsulu əkilmişdir. Ümumilikdə, tərəvəz sahələrindən ötən il 7138 ton tərəvəz məhsulu toplanmış, məhsuldarlıq hər hektardan 98.3 sentner olmuşdur. O cümlədən Diyallı kəndində isidilməyən parnik təsərrüfatında moruq, böyürtkən və açıq sahədə qarağat da yetişdirilir.

M.NƏRİMANOĞLU,

"Respublika".