Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcı olacaq
SİYASƏT

Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcı olacaq

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında  imzalanan üçtərəfli Bəyanat 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə son qoydu. Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq  ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Prezident İlham Əliyevin tələbi ilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən, ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə oldu. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları  bəyanatın 9-cu maddəsində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın  qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat  əlaqəsinə zəmanət verir”...

Torpaqlarımızı  işğaldan qurtarmaq və ərazi bütövlüyümüzü  bərpa etmək üçün məqsədyönlü  daxili və xarici siyasət yürüdərək xalqımızın Zəfər tarixini yazan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının Vətən müharibəsində  qazandığı ən mühüm, tarixi nailiyyətlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır.  İqtisadi inkişaf mərhələsinin vacib amili  olan Zəngəzur dəhlizi , türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, region ölkələrinin maraqlarına tam cavab verərək  regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq. 10 noyabr Bəyanatı bu dəhlizin açılmasına hüquqi əsas verir və  bu ideyanın reallaşması  çox uzaqda deyil …

İmzalanmış bəyanat təkcə  hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə  hüquqi zəmin yaradır. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək.

Bəyanatın şərtinə əsasən eni 5 km olan , Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi rolunu oynayacaq Zəngəzur dəhlizi  həm Türkiyə Cümhuriyyətinin, həm də  İran İslam Respublikasının birbaşa, maneəsiz, qısa yolla, az vaxt ərzində Azərbaycana və Xəzər dənizi vasitəsilə Orta Asiya respublikalarına çıxışını təmin edəcəkdir.  Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt türk dünyası arasında yaranmış  körpü olacaq. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, “sülh və əməkdaşlığa xidmət edən sahələrdən  biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır”.    Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq  Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün  də əlavə imkanlar yaradacaq. Elə Ermənistan üçün də. Bu yol bütovlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək ,regionda inteqrasiyanı təmin edəcək  və iqtisadi baxımdan bu yoldan istifadə edən  bütün tərəflərə real iqtisadi  dividendlər gətirəcək. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq. Bu baxımdan ölkə başçımızın dediyi kimi , Ermənistan  regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.

Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Dəhlizin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, 1,1 trilyon dollar nominal  ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək. Belə ki, Türkiyə 761,4 milyard, Qazaxıstan 181, 7 milyard, Özbəkistan 57,9 milyard, Azərbaycan 48 milyard, Türkmənistan 48 milyard, Qırğızıstan isə 8,5 milyard ümumdaxili məhsula malikdir və bu da böyük iqtisadi potensiala və  təbii resurslara malik olmaqla 3 milyard əhalisi olan iri bazarın qapılarını Zəngəzur dəhlizi vasitəsilə  türk dünyasının üzünə açacaq.

Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur
dəhlizinin  həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

İnşa edilən Füzuli-Horadiz - Ağbənd yolu nəqliyyat  kommunikasiyasını Zəngəzura qədər gətirib çıxaracaq ki , sonrakı mərhələdə dəhlizdən keçən ərazidə də yeni  dəmir yolu və avtomobil yolunun inşasına başlanacaq. Hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsi  Naxçıvanı Azərbaycan və eyni zamanda, Türkiyə ilə də  birləşdirəcək. Zəngəzur yolu bütovlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək, regionda inteqrasiyanı təmin edəcək. Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə işğaldan azad olmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq.

  Zəngəzur dəhlizinin açılması ilə təcrid şəraitindən azad olunaraq  ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək Naxçıvan həm də hərtərəfli iqtisadi inkişafa nail olacaq, uzun illər blokadada olmuş muxtar respublika blokadadan çıxacaq. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu  da Türk dünyasının birləşməsi deməkdir. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

 Artıq Naxçıvanı Azərbaycana birləşdirəcək  avtomobil yolu bu ilin sonunda yekunlaşdırılacaq ki, bundan sonra dəmir yolunun inşasına başlanılacaq.Dəmir yol xəttinin təkcə iqtisadi  tərəfdən deyil, həm də siyasi-mənəvi təsiri də böyük olacaq, türk dünyasında ölkələr arasında əlaqələrin genişlənməsi, iqtisadi əməkdaşlığın daha da sürətlənməsi, yeni istiqamətlərin  müəyyənləşdirilməsi baxımından  böyük əhəmiyyət kəsb edəcəkdir. Naxçıvan - Qars  dəmir yolunun tikintisi hər iki ölkə arasında  nəqliyyat-kommunikasiya əlaqələrinin  intensivləşməsinə, bərpa olunmasına, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə imkan verəcək  ki , bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas subyektinə çevriləcək.

Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirərək onu Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə də  birləşdirəcək.

Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi təkcə iqtisadi deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar  hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır.

 Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək  Zəngəzur dəhlizi  həm də  Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da artıracaq.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  iki dost və qardaş ölkə -  Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran, iki ölkə və onların xalqlarının maraq və mənafelərinə  xidmət edən Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində Azərbaycan  və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan – Qars dəmir yolunun tikintisinin  iki ölkə arasında nəqliyyat- kommunikasiya əlaqələrinin  intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd etmişlər. Naxçıvan bu dəhliz sayəsində dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.

Dünya ölkələri  müxtəlif marşrutlar əldə etmək üçün iqtisadi  və siyasi mübarizə aparırlar.Çünki yüklər hansı ölkənin ərazisindən keçirsə,o ölkə tranzit ərazi  olaraq gəlir əldə edir. Azərbaycanın da vaxtında icra etdiyi nəhəng infrastruktur layihələr sayəsində regionun tranzit xəritəsi xeyli dəyişib. Belə ki, Çindən Türkiyəyə yükdaşımaların müddəti 1 aydan 12 günə enmişdir. Zəngəzur yolunun fəaliyyətə başlaması isə Azərbaycanla Türkiyə arasındaki məsafəni daha 400 kilometr qısaldacaq.

Dəhlizin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun reallaşması bölgədə sülh və təhlükəsizliyin qorunub saxlanmasına da  töhfə verəcək.  Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək.

                                                                      Mehparə ƏLİYEVA,

                                                                        “Respublika”.